Sıralanma turundan sonra jurnalistlərə danışan britaniyalı sürücü bolidin balansından və sürət çatışmazlığından narazılığını ifadə edib.
Lando Norris: “Həftəsonu boyunca eyni vəziyyətdə qaldıq. Heç bir sahədə irəliləyiş əldə etmədik və kifayət qədər sürətli deyilik.
Birinci və ya ikinci sektorda yaxşı olduğum anlar var idi, amma bolidi idarə etmək həqiqətən çox, çox çətindir. Beşinci və yeddinci yerlərdə qərarlaşmağımızın səbəbi də budur.
Q3-də hər şey qaydasında getsəydi, bəlkə də yaxşı dövrə vura bilərdim. Amma bolid o qədər həssas idi ki, onu bir az çox sıxanda idarəetmədən çıxırdı. Kifayət qədər zorlamayanda isə lazımi tempi tapmaq mümkün olmurdu.
Bütün bu nahamarlıqların üzərində bolidi balansda saxlamaq da demək olar ki, mümkünsüz idi”.
Komandanın performansını məhdudlaşdıran əsas amilin nə olduğu barədə suala cavab verən Norris problemin bolidin gözlənilməz reaksiyaları ilə bağlı olduğunu bildirib: “Problem daha çox bolidin proqnozlaşdırıla bilməməsidir.
Yaxşı dövrə vurmaq üçün bolidi limitə qədər sürməlisiniz. Birinci sektorda yaxşı nəticə göstərsəniz belə, ikinci və ya üçüncü sektorda vəziyyət pisləşə bilər. Bolid sürətli olmayanda onu daha çox sıxmağa məcbur olursunuz. Bu isə xüsusilə belə bir trasda səhv etməyi çox asanlaşdırır”.
Norris sprint yarışının son dövrəsində komanda yoldaşı Oscar Piastri ilə yaşadığı təmasdan sonra McLaren daxilindəki vəziyyətə də münasibət bildirib: “Gözləyə biləcəyiniz kimi, komandada heç kim xoşbəxt deyil. Mən də məmnun deyiləm, Oscar da məmnun deyildi.
Heç birimiz hadisələrin bu nöqtəyə gəlməsini istəməzdik. Hər ikimizin daha yaxşı edə biləcəyi məqamlar var idi. Danışdıq və məsələni bağladıq”.




Şərh əlavə et