Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Hədəf sabahkı yarışdır

Sinqapur Qran Prisinin sprint yarışında qalib gələn Maks Ferstappen finişdən sonra açıqlamalar verib. Corc Rassellin yerində fırlanmasından sonra qələbəni ələ keçirdiklərini deyən Red Bull pilotu əsas hədəfinin bazar günü keçiriləcək əsas yarışda qalib gəlmək olduğunu vurğulayıb.

Maks Ferstappen startdakı zəif çıxışlarının üzərində işləməli olduqlarını bildirib: “Startda yenə yaxşı hərəkət edə bilmədik. Bu, üzərində işləməli olduğumuz məqamlardan biridir, çünki sabah eyni vəziyyətlə qarşılaşsaq, bu, ciddi problem yarada bilər.

İdeal start götürmədik, amma Corcun yaşadığı problem baxımından şanslı olduğumuzu deyə bilərəm. Bundan sonra sakit şəkildə davam etdim və qələbə qazandım.

Əlbəttə, sprint yarışında qalib gəldiyim üçün çox xoşbəxtəm, ancaq əsas hədəfim sabahkı yarışı qazanmaqdır”.

Həftəsonu ərzində göstərdiyi tempə və əsas yarışa da toxunan Ferstappen sprint qələbəsini əsas yarışdakı qələbə ilə eyni tutmadığını bildirib: “Dediyim kimi, sabah qalib gəlmək istəyirəm. Bu qələbəyə əsas yarışda qazanılmış qələbə kimi baxmıram.

Ümid edirəm ki, sıralanma turunu yaxşı keçirəcəyik. Həm yarışda, həm də sıralanma turlarında bütün rəqiblərimiz sürətli olacaq. Buna görə də ən yaxşı tərəfin biz olduğumuza əmin olmalıyıq. Ümid edirəm ki, gözəl mübarizə izləyəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et