Xəbəri Kokpitdə Oxuyun!

Sinqapur GP: Ferstappen xaotik sprinti qazanıb

2026-cı il Sinqapur Qran Prisinin sprint yarışı güclü yağış səbəbindən 30 dəqiqə gec başlayıb. Yarışın qalibi isə Maks Ferstappen olub.

Marina Bay trasında yağan güclü yağış səbəbindən start təxirə salınıb. 30 dəqiqəlik gecikmədən sonra formasiya dövrəsi başlayıb və sürücülərin dayanaraq start götürməsinə qərar verilib.

Beş qırmızı işığın sönməsi ilə 20 dövrədən ibarət sprint yarışı başlayıb. Maks Ferstappen startda istədiyi nəticəni göstərə bilməyib və Corc Rassell liderliyi ələ keçirib.

Lyuis Həmilton startda üç mövqe qazanaraq altıncı yerdən üçüncü pilləyə yüksəlib. Onun komanda yoldaşı Şarl Lekler dördüncü olub. Lando Norris isə startda beş mövqe itirib.

İkinci dövrədə Corc Rassell start-finiş düzlüyünə çıxarkən baryerlərə çırpılıb. Hadisədən sonra təhlükəsizlik avtomobili trasa çıxıb.

Ləns Stroll və Serxio Peres arasındakı təmas hər iki pilotun yarışı erkən başa vurması ilə nəticələnib. Ayzek Hacar və Franko Kolapinto da bolidlərində yaranan mexaniki problemlərə görə mübarizədən çəkiliblər.

Bir neçə dəqiqədən sonra təhlükəsizlik avtomobili boksa qayıdıb və yarış bərpa olunub. Yenidən startdan sonra Ferstappen Lyuis Həmiltonun hücumlarına tab gətirərək liderliyini qoruyub.

Aleks Elbon 16-cı döngədə Qabriel Bortoletoya arxadan çırpılıb. Hadisədən Valtteri Bottas da zərər çəkib və həm Bortoleto, həm də Bottas yarışı davam etdirə bilməyiblər. Təmas araşdırmaya götürülüb.

Finişə beş dövrə qalmış Williams komandası Aleks Elbona boksa qayıdaraq yarışı dayandırmağı tapşırıb.

Qalan dövrələr sakit keçsə də, son dövrədə Lando Norris Oskar Piastriyə hücum edərkən hər iki McLaren pilotu fırlanıb. Bu hadisə onların mövqelərinə ciddi təsir edib.

20 dövrənin ardından finiş xəttini birinci keçən Maks Ferstappen sprint yarışının qalibi olub. Lyuis Həmilton ikinci yeri tutub, Ferrari pilotu Şarl Lekler isə podiumun son pilləsində qərarlaşıb.

McLaren pilotları arasındakı insidentdən sonra Kimi Antonelli dördüncü yerə yüksəlib. Liam Louson beşinci, Oliver Bearman altıncı olub. Son xalları Niko Hülkenberq və Lando Norris qazanıblar. Oskar Piastri isə yarışı başa vura bilməyib.

Rauf Hacıyev

Şərh əlavə et