Sessiyadan əvvəl hava və tras şəraiti əlverişli olub. Asfaltayatma səviyyəsi məşq sessiyalarındakı göstəricilərə yaxın olub. Start siqnalından sonra sürücülər trasa çıxaraq Q1-də mübarizəyə başlayıblar.
Q1
Sessiyanın ilk dövrələri zamanı Yohan Zarko qəza keçirib. Motosikletini davam etdirə bilən fransalı sürücü yenidən trasa qayıdaraq mübarizəni davam etdirib.
Ai Oqura 1:30.569 nəticə ilə liderliyə yüksəlib. Fermin Aldeqer isə cüzi fərqlə ikinci yerdə qərarlaşıb.
Q1-in başa çatmasına beş dəqiqə qalmış Oqura nəticəsini 1:29.729-a qədər yaxşılaşdırıb. Lakin bundan sonra qəza keçirərək çınqıllıq sahəyə düşüb. Onun motosikletinin ciddi zədələndiyi müşahidə olunub.
Yohan Zarko yenidən qəza keçirib. Toprak Razqatlıoğlunun komanda yoldaşı Cek Miller də motosikletinə nəzarəti itirib.
Aldeqer 1:29.639 nəticə ilə liderliyə yüksəlib. Enea Bastianini və Diyeqo Moreyra da birinci döngədə qəza keçiriblər. Hər iki sürücü özləri ayağa qalxıb və motosikletlərdə ciddi zədə qeydə alınmayıb.
Damalı bayrağın görünməsi ilə Q1 başa çatıb. Qəza keçirməsinə baxmayaraq, Oqura ikinci yeri qoruyaraq Q2-yə yüksəlib. Aldeqer isə son dövrəsində göstərdiyi 1:29.639 nəticə ilə birinci olub.
Q2
Qısa fasilədən sonra Q2 başlayıb.
İlk sürətli dövrəsində yüksək temp göstərən Mark Markes 1:29.265 nəticə ilə liderliyə yüksəlib. Marko Bezzekki də rəqabətədavamlı temp nümayiş etdirib, lakin 1:29.290 nəticə ilə ikinci yerdə qərarlaşıb.
Növbəti dövrəsində sürətini artıran Bezzekki 1:28.961 nəticə göstərərək liderliyi ələ keçirib. Raul Fernandes 1:29.172 nəticə ilə Mark Markesi geridə qoyaraq ikinci yerə yüksəlib.
Sessiyanın səkkizinci dəqiqəsində sürücülər sazlamaları yaxşılaşdırmaq və məlumatları təhlil etmək üçün boksa qayıdıblar. Damalı bayrağa təxminən beş dəqiqə qalmış yenidən trasa çıxıblar.
Fernandes 1:28.852 nəticə ilə liderliyi ələ keçirib. Marko Bezzekki ilk iki sektorda sürətini artıraraq güclü dövrə vurmağa çalışıb. Lakin Fermin Aldeqerin qəzasından sonra sarı bayraqlar göstərilib və Bezzekki sürətini azaltmağa məcbur olub.
Son saniyələrdə sarı bayraqlar götürülsə də, Bezzekki və Mark Markes yenidən sürətli dövrəyə başlamağa çalışarkən kifayət qədər temp toplaya bilməyiblər. Hər iki sürücü dövrəsini yarımçıq saxlayıb.
Beləliklə, Raul Fernandes MotoGP karyerasında ilk dəfə poul mövqeyini qazanıb. Marco Bezzekki ikinci, Mark Markes isə üçüncü yeri tutub.




Şərh əlavə et