Xəbəri Kokpitdə Oxuyun!

S.Berra: C4 ilə C5 arasında fərq böyükdür

Pirelli-nin baş mühəndisi Simone Berra Sinqapurda keçirilən yeganə sərbəst yürüşün və sprint sıralanma turunun nəticələrini dəyərləndirib, həmçinin təkər tərkibləri arasındakı sürət fərqini açıqlayıb.

Simone Berra: “Yeganə sərbəst yürüş zamanı trasın vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdı. Asfaltın vəziyyəti bu templə dəyişməyə davam etsə, bu gün ilkin proqnozlardan da sürətli dövrə vaxtları görə bilərik.

Təkərlərlə bağlı əsas fərq komandaların onları nə qədər tez qızdıra bilməsində idi. Çirkli asfalt və təkərlərə düşən nisbətən aşağı yüklər bəzi komandaların təkər tərkibindən asılı olmayaraq temperaturu optimal iş diapazonunda saxlamağını çətinləşdirirdi. Digər komandalar isə təkərləri çox sürətlə lazımi temperatura çatdıraraq sıralanma turunda elə ilk dövrədən limitlərdə sürməyə imkan tapdılar.

Bu gün komandalar yarış tempindən daha çox bir dövrəlik sürətə diqqət yetirirdilər. Temperaturun mülayim, təkərlərin yeyilməsinin isə aşağı səviyyədə olacağı gözlənildiyindən sıralanma turunun nəticəsi yarış strategiyasından daha böyük əhəmiyyət daşıyacaq. C4 və C5 təkərləri arasındakı sürət fərqi təxminən 0,8-0,9 saniyə təşkil etdi. Bu da ümumilikdə gözləntilərimizə uyğundur.

Sıralanma dövrəsinə hazırlıq üsullarının fərqli olması da maraqlı məqam idi. Müxtəlif komandalar və pilotlar ən yaxşı nəticəni göstərmək üçün təkərləri hazırlamaq və soyutmaq baxımından fərqli strategiyalardan istifadə edirdilər.

Bu, bolidlərin və pilotaj üslublarının nə qədər fərqli olduğunu aydın göstərir. C5 təkərlərinin potensialını maksimum səviyyədə üzə çıxarmaq üçün hər birinə uyğun yanaşma tələb olunur. Bu gün bolidin balansı və ön təkərləri tez qızdırmaq imkanı əsas amillər oldu.

Sprint yarışına gəlincə, Medium və Soft təkərlər uyğun seçimlər kimi görünür. Bu, komandaların fərqli strategiyalara üstünlük verməsinə səbəb ola və qısa yarışa əlavə maraq qata bilər”.

Rauf Hacıyev

Şərh əlavə et