Xəbəri Kokpitdə Oxuyun!

Sinqapura gətirilən yeniliklər

Sinqapur Qran Prisi  üç ardıcıl mərhələdən ibarət ilk payız seriyasını başa vurur. Bu qədər sıx və gərgin təqvim şəraitində komandaların çoxu qarşıdakı həftəsonu üçün texniki yeniliklər hazırlamağa vaxt tapmayıb.

Yeniliklər barədə yalnız McLaren, Mercedes və Red Bull Racing məlumat verib. Hər üç komandanın təqdim etdiyi siyahıda cəmi bir və ya iki yenilik yer alır.

McLaren

Lando Norris və Oskar Piastrinin bolidlərinə Sinqapurda yeni ön əyləc hava kanalları quraşdırılıb. Yerli iqlimin isti olması, trasın şəhər küçələrində yerləşməsi, hər iki tərəfdən baryerlərlə əhatələnməsi və çoxsaylı döngələrdən ibarət olması əyləclərin mümkün qədər səmərəli soyudulmasını tələb edir. Çünki bu şəraitdə əyləc sistemləri daim yüksək yüklə işləyir.

Komanda bildirib ki, yeni detallar ön əyləclərə daha çox hava axını yönəldir. Bu həll mövsümün bəzi digər mərhələlərində də istifadə olunacaq.

Mercedes

Çempionatın həm pilotlar, həm də konstruktorlar üzrə lideri olan Mercedes W17 bolidinin ön qanadında iki yenilik təqdim edib. Aerodinamik paketinin bu vacib elementinin səmərəliliyini artırmaq istəyən mühəndislər qanadın konstruksiyasını dəyişdiriblər.

Komanda yeniliyi belə izah edib: “Qanadın eni boyunca və elementlərinin uzunluğu üzrə yük bölgüsündə edilən dəyişikliklər müxtəlif iş şəraitlərində onun səmərəliliyini artırmağa imkan verib. Buraya ön təkərlərin arxasında yaranan turbulent hava axınının daha yaxşı idarə olunması da daxildir”.

Dəyişikliklər qanadın hər üç müstəvisinə, o cümlədən ikisi hərəkətli olan elementlərə, həmçinin yan lövhələrə və onların aşağı hissəsindəki detallara şamil edilib. Bu hissələrin həndəsəsi qanadın ümumi konstruksiyasındakı yeniliklərə uyğunlaşdırılıb.

Red Bull Racing

RB22 bolidlərinin ön qanadı da yenilənib. Burada həm qanad elementlərinin, həm də yan lövhələrin həndəsəsi dəyişdirilib.

Komanda yeniliyi belə izah edib: “Yeni konstruksiya ön qanadın əvvəlki versiyasının təkmilləşdirilmiş variantıdır. Dəyişikliklər hava axınının sabitliyini qorumaqla aerodinamik yükün optimallaşdırılmasına yönəlib”.

Red Bull-un açıqladığı ikinci yenilik bolidin arxa hissəsinə aiddir. Arxa əyləclərin hava kanalları yenidən işlənib və çıxış dəliklərinin ölçüləri artırılıb. Bu dəyişiklik də Sinqapurun isti hava şəraitində əyləc sisteminin soyudulmasının səmərəliliyini yüksəltmək məqsədi daşıyır.

Rauf Hacıyev

Şərh əlavə et