Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Son yarışlarda zəifik

Ferrari komandasının pilotu Şarl Lekler Sinqapurda sprint sıralanma turlarından sonra komandanın son yarışlarda performans itkisi yaşadığını etiraf edib.

Şarl Lekler Sinqapur Qran Prisinin sprint sıralanma turlarını üçüncü yerdə başa vurduqdan sonra Ferrari-nin hazırkı vəziyyətini dəyərləndirib.

Monakolu pilot sıralanma turunun ikinci seqmentində Soft təkərlərlə göstərdiyi nəticənin gözlənilən səviyyədə olduğunu bildirib. Bununla yanaşı, rəqiblərinin təkərləri hazırlamaq üçün fərqli strategiya seçdiyinə diqqət çəkib.

Şarl Lekler: “Düşünürəm ki, əldə etməli olduğumuz dövrə vaxtını göstərdim. Digərlərinin bir qədər fərqli planı var idi. Deyəsən, onlar iki soyutma dövrəsi vurublar, biz isə yalnız bir soyutma dövrəsi ilə kifayətləndik.

Amma bunun bəhanə olmamalıdır. Son üç-dörd yarışda real performansımızı itirmişik. Hazırda rəqiblərimizlə mübarizə aparacaq qədər sürətli deyilik. Buna baxmayaraq, boliddə potensialın olduğunu hiss edirəm. Bir neçə kiçik tənzimləmə ilə poul uğrunda mübarizədə rəqiblərimizin səviyyəsinə yaxınlaşa bilərik”.

Sprint sıralanma turlarında üçüncü yeri tutan Lekler bu mövqenin yarışa başlamaq üçün pis olmadığını, lakin ötmələrin çətin olduğu Sinqapur trasında ilk sıradan start götürməyin böyük əhəmiyyət daşıdığını bildirib: “Yarışa başlamaq üçün pis mövqe deyil. Lakin belə bir trasda mütləq ilk sıradan start götürmək istəyirsiniz, çünki ötmə etmək çox çətin olacaq.

Ancaq günün sonunda bu, sadəcə sprint yarışıdır. Əsas işi sabahkı sıralanma turlarında görməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et