Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Köhnə paket pis deyil

Corc Rassell Sinqapur Qran Prisinin sprint sıralanma turlarında ikinci yeri tutduqdan sonra açıqlamalar verib. Köhnə paketə qayıdan Mercedes pilotu bolidin performansından razı qaldığını, lakin yeni paketin hələ tam qiymətləndirilmədiyini bildirib.

Sprint sıralanma turlarından sonra danışan britaniyalı sürücü gün ərzində rəqabətədavamlı olduqlarını vurğulayıb.

Corc Rassell: “Açığı, ilk sərbəst yürüşün ilk dövrələrindən etibarən rəqabətədavamlı idik.

İlk məşqdə lider olmuşduq. Maksın da sürətli olduğunu bilirdik. O, SQ3-də yalnız bir sürətli dövrə vuraraq bizdən bir qədər fərqli strategiya seçdi. Hansı strategiyanın daha yaxşı olduğunu söyləmək çətindir, amma ikinci yeri tutduğumuz üçün çox məmnunam”.

Yeniliklərdən imtina edərək əvvəlki komponentlərə qayıtmasını dəyərləndirən britaniyalı pilot iki paket arasındakı fərqi belə izah edib: “Köhnə paketin pis olmadığını qəti şəkildə təsdiqləyə bilərəm. Sabah yeni  paket ilə yarışacaq Kiminin vəziyyətinin necə olacağını görəcəyik.

Komanda olaraq yeni paketin işləmədiyini göstərən heç bir məlumatımız yoxdur. Ancaq bu idmanda hər şey saniyəölçənlə müəyyən olunur və indiyədək nəticələr yenilənmələrin xeyrinə olmayıb. Görək, bəlkə sabah vəziyyət fərqli olar”.

Rassell şənbə günü keçiriləcək sprint yarışından gözləntilərini də bölüşüb: “İlk döngəyə çatmamış liderliyə yüksəlmək olduqca çətin olacaq.

Burada trasın sağ və sol tərəfləri arasında tutuş səviyyəsində böyük fərq var. Keçən il poul mövqeyinin yerləşdiyi tərəfdən start götürən pilotlar böyük üstünlüyə sahib idilər.

Sprint yarışında əsas məqsədimiz, yəqin ki, ikinci yeri qorumaq olacaq. Maksın sarı bayraqlarla bağlı araşdırıldığını bilirəm. Görək, stüardlar hansı qərarı verəcəklər”.

Rauf Hacıyev

Şərh əlavə et