Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Poulu gözləmirdim

Maks Ferstappen Sinqapur Qran Prisinin sprint sıralanma turunda ən sürətli nəticəni göstərərək poul mövqeyini qazanıb. Red Bull pilotu sessiyadan sonra Soft təkərlərlə bolidin performansının yaxşılaşdığını bildirib və birinci yeri tutacağını gözləmədiyini etiraf edib.

Niderlandlı sürücü sessiyanı belə dəyərləndirib: “Sinqapurda dövrə vaxtları həmişə bir-birinə çox yaxın olur. Dövrə boyunca divarlara mümkün qədər yaxın hərəkət edərək limitləri son həddə qədər zorlamaq lazım gəlir.

Soft təkərlərə keçəndə bolidin bir qədər canlandığını hiss etdim. Amma açığı, poul mövqeyini qazanacağımı gözləmirdim. Əlbəttə, birinci yerdə olduğum üçün çox xoşbəxtəm.

Son bir neçə yarışda xeyli güclü idik. Bununla belə, bu tras bolidimizin bəzi kiçik zəif tərəflərini hələ də üzə çıxarır. Buna baxmayaraq, vəziyyətin öhdəsindən gəlməyi və bolidi mümkün qədər yaxşı idarə etməyi bacarırıq”.

Qeyd edək ki, Ferstappen SQ1 mərhələsində sarı bayraqların dalğalandığı hissədə Lyuis Həmiltonu ötdüyü üçün stüardların araşdırmasına düşüb.

Rauf Hacıyev

Şərh əlavə et