Xəbəri Kokpitdə Oxuyun!

Maks Ferstappen Sprint təsnifatının qalibi olub

Maks Ferstappen Sinqapurda Sprint yarışı üçün poul mövqeyini qazanıb. Corc Rassell ikinci, Şarl Lekler isə üçüncü nəticəni göstərib.

Sinqapurda həftəsonu ilk dəfə şənbə Sprint yarışı formatında keçirilir. Digər mərhələlərdə bir sərbəst yürüş kifayət etsə də, mürəkkəb şəhər trasında bunun az olduğu aydın görünürdü.

Asfaltın vəziyyəti ürəkaçan deyildi. Gündüz bolidlər sürüşərək qum və toz buludları qaldırırdılar, lakin axşam hava qaraldığından bunlar, eləcə də meşə yanğınlarından yaranan tüstü artıq görünmürdü.

Sərbəst yürüşdə sürücülər sürət üzərində demək olar ki, işləməyərək bunu Sprint təsnifatına saxlamışdılar. Bu sessiya, əslində, həftəsonunda demək olar ki, hər şeyin asılı olduğu əsas sıralanma turunun məşqi idi.

Pirelli mərhələyə tərkiblərin yumşaq üçlüyünü gətirmişdi: C3, C4 və C5 müvafiq olaraq Hard, Medium və Soft rolunda idi.

Qaydaların tələbinə uyğun olaraq, birinci sessiyada sürücülər trasa Medium təkərlərlə çıxıblar.

Altıncı dəqiqədə Serxio Peres dördüncü döngədə baryerə çırpılıb və sınmış ön qanadla boksa yollanıb.

Qanad bolidin altında ilişib qığılcım saçırdı, Serxio isə tras boyunca qalıqlar səpələmişdi. Sessiya qırmızı bayraqlarla dayandırılıb, marşallar qalıqları yığmaq üçün trasa çıxıblar.

Maks Ferstappen sarı bayraqlar altında Lyuis Həmiltonu keçib. Stüardlar insidenti araşdırmaya götürüblər və ona təsnifatdan sonra baxacaqlar. Həmçinin Serxio Pereslə Valtteri Bottasın hərəkətləri də nəzərdən keçiriləcək: onlar yarış direktorunun göstərişlərini pozaraq həddən artıq yavaş gediblər.

Fasilə on dəqiqə davam edib, sonra sürücülər mübarizəni davam etdiriblər. Qırmızı bayraqlara qədər yalnız beş pilot tam dövrə vura bilmişdi.

Sürücülərin yalnız bir cəhdi qalmışdı. Maks Ferstappen 1:33.477-lik nəticə ilə protokola başçılıq edib. Karlos Sayns, Valtteri Bottas, Serxio Peres, Aleks Albon, Ləns Stroll və Arvid Lindblad sonrakı mübarizədən kənarda qalıblar.

FIA-nın xronometraj sistemindəki problemlərə görə ikinci sessiyanın başlanması təxirə salınıb. Bütün sürətli dövrələr qeydə alınmadığından nəticələrə düzəliş edilib.

İkinci sessiyada bütün pilotlar yenidən Medium təkərlərlə trasa çıxıblar.

Sürücülər dövrələri sürətli, yavaş və yenidən sürətli ardıcıllığı ilə vurublar.

İlk sürətli dövrədən sonra Şarl Lekler 1:32.457-lik nəticə ilə protokola başçılıq edib. Şarl ikinci cəhdində nəticəsini 1:32.246-ya çatdırıb və heç kim onu üstələyə bilməyib.

Esteban Okon, Fernando Alonso, Qabriel Bortoleto, Oliver Berman, Niko Hülkenberq və Franko Kolapinto finala keçə bilməyiblər.

Finalda hamı Soft təkərlərlə trasa çıxıb və sürətlər yüksəlib. Şarl Lekler əvvəlcə 1:31.568-lik dövrə vurub, növbəti cəhdində isə nəticəsini 1:31.399-a yaxşılaşdırıb. Lakin Maks Ferstappen 1:31.156 ilə daha sürətli olub.

Pyer Qasli və Ayzek Həcərin sürətli dövrələri trasın hüdudlarını aşdıqlarına görə ləğv edilib.

Maks Ferstappen Sinqapurda Sprint təsnifatının qalibi olaraq mövsümdə ikinci, karyerasında isə şənbə Sprint yarışları üçün 11-ci poulunu qazanıb.

Şənbə günü gündüz keçiriləcək Sprint yarışında Maks Ferstappen və Corc Rassell start düzümünün ilk cərgəsini bölüşəcəklər. Şarl Lekler və Oskar Piastri ikinci, Lando Norris və Lyuis Həmilton isə üçüncü cərgədə yer alacaqlar.

Sprint təsnifatının nəticələri

S Sürücü Komanda Nəticə
1 Maks Ferstappen Red Bull 1:31.156
2 Corc Rassell Mercedes 1:31.276
3 Şarl Lekler Ferrari 1:31.399
4 Oskar Piastri McLaren 1:31.454
5 Lando Norris McLaren 1:31.587
6 Lyuis Həmilton Ferrari 1:31.702
7 Kimi Antonelli Mercedes 1:31.849
8 Lyam Louson Racing Bulls 1:32.341
9 Ayzek Həcər Red Bull –
10 Pyer Qasli Alpine –
11 Franko Kolapinto Alpine 1:33.249
12 Niko Hülkenberq Audi 1:33.420
13 Oliver Berman Haas 1:33.423
14 Qabriel Bortoleto Audi 1:33.466
15 Fernando Alonso Aston Martin 1:33.734
16 Esteban Okon Haas 1:34.368
17 Arvid Lindblad Racing Bulls 1:35.136
18 Ləns Stroll Aston Martin 1:35.662
19 Aleks Albon Williams 1:36.130
20 Serxio Peres Cadillac 1:36.760
21 Valtteri Bottas Cadillac 1:36.868
22 Karlos Sayns Williams 1:37.376

Gilənur Hüseynova

Şərh əlavə et