Xəbəri Kokpitdə Oxuyun!

İndoneziya MotoGP: Əsas məşqlərdə Fernandes birincidir

2026-cı il MotoGP mövsümünün İndoneziya Qran Prisi öncəsi keçirilən əsas məşq sessiyasını Raul Fernandes lider tamamlayıb. 

Moto2 sessiyasının gözləniləndən gec başa çatması səbəbindən MotoGP-nin əsas məşqi planlaşdırılandan 35 dəqiqə gec başlayıb.

Yaşıl bayraqların dalğalanması ilə sürücülər vaxt itirmədən trasa çıxıblar. Bütün pilotlar ön təkərdə Soft tərkibə üstünlük veriblər. Arxa təkərdə isə Soft və Medium tərkibli təkərlərdən istifadə olunub.

İlk dəqiqələrdən sonra Marco Bezzekki 1:30.272 nəticə ilə zaman cədvəlinin zirvəsinə yüksəlib. Bu zaman Fermin Aldeqer 17-ci döngədə qəza edərək boksa qayıdıb.

Sessiyanın ortalarında Raul Fernandes 1:29.793 nəticə göstərərək Bezzekkini təxminən 0,2 saniyə qabaqlayıb və liderliyə yüksəlib. Fabio Kuartararo isə üçüncü pillədə qərarlaşıb.

Lakin bir neçə dəqiqə sonra Kuartararo ağır qəza keçirib. Bu arada Fabio Di Cianantonio liderliyi ələ keçirib.

Xorxe Martinin motosikletinin arxa hissəsindəki bəzi aerodinamik elementlərin qoparaq trasa düşdüyü də görüntülərdə əks olunub.

Sessiyanın son dəqiqələri yaxınlaşarkən Enea Bastianini də qəzaya uğrayıb. Raul Fernandes nəticəsini yaxşılaşdıraraq 1:28.725 dövrə vurub, tras rekordunu yeniləyib və liderliyini möhkəmləndirib. Mark Markes isə ikinci pilləyə yüksəlib.

Sessiyanın əvvəlində qəza edən Fermin Aldeqer trasa qayıtsa da, bu dəfə motosikletində yaranan mexaniki problemə görə yenidən boksa dönməli olub.

Dieqo Moreyra, Aleks Markes, Aleks Rins və Enea Bastianini də ardıcıl olaraq qəzaya uğrayıblar.

Qəzalarla yadda qalan son dəqiqələrin ardından damalı bayraq dalğalanıb və Raul Fernandes sessiyanı lider tamamlayıb. Marlo Bezzekki ikinci, Xorxe Martin isə üçüncü yeri tutub.

Pedro Akosta dördüncü, Mark Markes beşinci, Fabio Di Cianantonio altıncı olub. Fabio Kuartararo yeddinci yerdə qərarlaşıb. İlk onluğu Aleks Markes, Franko Morbidelli və Françesko Banyaya tamamlayıblar.

Rauf Hacıyev

Şərh əlavə et