Sessiyadan əvvəl havanın temperaturu 32, asfaltın temperaturu isə 52 dərəcə olub. Son hazırlıqların ardından start siqnalı verilib və pilotlar Sinqapur həftəsonunun yeganə sərbəst yürüşü üçün trasa çıxıblar.
İlk dəqiqələrdə Oskar Piastri 1:37.851 nəticə göstərib. Lakin Kimi Antonelli 1:37.699 dövrə vuraraq liderliyə yüksəlib. Köhnə yenilənmə paketi ilə çıxış edən komanda yoldaşı Corc Rassell isə 1:38.013 nəticə ilə üçüncü olub.
Daha sonra Şarl Lekler 1:37.718 nəticə ilə ikinci pilləyə yüksəlib. Maks Ferstappen ilk sürətli dövrəsində 1:35.641 göstərici əldə edərək liderliyi ələ keçirib. Qısa müddət sonra onun komanda yoldaşı Ayzek Hacar 1:36.985 nəticə ilə ikinci yerə yüksəlib. Lakin Lyuis Həmilton 1:36.437 dövrə ilə Hacarı geridə qoyub.
Sessiyanın 10-cu dəqiqəsi geridə qalanda Rassell 1:36.028 nəticə ilə Həmiltonu qabaqlayaraq ikinci pilləyə yüksəlib. Lekler isə 1:35.209 dövrə vuraraq Ferstappeni geridə qoyub və liderliyə yüksəlib.
Lando Norris 1:35.237 nəticə ilə ikinci, Həmilton isə 1:35.412 göstərici ilə üçüncü olub. Antonelli 1:35.460 dövrə ilə üçüncü pilləyə yüksəlsə də, mübarizə davam edib.
Rassell 1:34.977 nəticə ilə yenidən liderliyi ələ keçirib. Lakin Norris 1:34.367 dövrə ilə dərhal cavab verərək zirvəyə yüksəlib. Ferstappen isə 1:34.932 nəticə ilə ikinci yeri tutub.
Sessiyanın 20-ci dəqiqəsində Lekler 1:33.969 nəticə göstərərək lider olub. Rassell isə çox keçmədən 1:33.886 dövrə ilə rəqibindən daha sürətli nəticə əldə edib.
Bir neçə dövrə sonra Antonelli 1:33.830 göstərici ilə liderliyi ələ keçirib. Sürətli dövrələrin ardınca bütün pilotlar boksa qayıdaraq məlumatların təhlilinə başlayıblar.
Sessiyanın ikinci yarısında sürücülər sürətli dövrələrdən daha çox aerodinamik məlumatların toplanmasına və trasın xüsusiyyətlərinin öyrənilməsinə diqqət yetiriblər. Niko Hülkenberq isə sürət qutusunda yaranan nasazlıq səbəbindən pit yolunda dayanmalı olub.
Sessiyanın son rübündə Rassell 1:32.864 nəticə ilə komanda yoldaşı Antonellini geridə qoyub. Piastri 1:32.898 dövrə ilə cüzi fərqlə ikinci yerə yüksəlib. Bir neçə dövrə sonra Həmilton 1:32.821 nəticə ilə liderliyi ələ keçirib. Ferstappen isə 1:33.690 göstərici ilə altıncı yerdə qərarlaşıb.
Olliver Bearman 1:34.531 nəticə ilə doqquzuncu pilləyə yüksələrək orta qrupun ən sürətli pilotu olub.
Son beş dəqiqəyə daxil olarkən Rassell 1:32.274 dövrə ilə yenidən liderliyə yüksəlib. Norris isə 1:32.547 nəticə ilə ikinci yeri tutub.
Damalı bayrağın dalğalanması ilə Sinqapur Qran-prisinin ilk və yeganə sərbəst yürüşü başa çatıb. Rassell sessiyanı lider kimi tamamlayıb. Lekler son dövrəsi ilə ikinci, Norris isə üçüncü yeri tutub.




Şərh əlavə et