Sinqapurda ilk dəfə tətbiq olunacaq sprint formatı çərçivəsində əsas yarışdan əvvəl cəmi bir sərbəst yürüşün keçirilməsinə münasibət bildirən britaniyalı sürücü, bütün komandaların eyni şərtlərdə mübarizə aparacağını vurğulayıb:
Lyuis Həmilton: “Açığı, simulyasiya komandamız ümumilikdə çox yaxşı işləyir və onların sayəsində həftəsonlarına yaxşı başlayırıq.
Bununla belə, Sinqapur kimi bir trasda yarışdan əvvəl yalnız bir sərbəst yürüşün olması həyəcanvericidir. Hamı eyni vəziyyətdədir. Buna görə də bu, bizim üçün həm yaxşı, həm də pis nəticələnə bilər.
Cümə gününün necə keçəcəyini görəcəyik. Həftəsonu ərzində əlimizdən gələnin ən yaxşısını etməyə və qarşımıza çıxan hər fürsətdən yararlanmağa çalışacağıq”.
Yağışlı şəraitdə yarışmağın əvvəlki illərlə müqayisədə fərqli yanaşma tələb etdiyini düşünən Həmilton idman rəhbərlərinin və gənc pilotların riskə münasibətini də şərh edib: “Şəxsən mən yağışda yarışmağı çox sevirəm. Ancaq düşünürəm ki, idmanı idarə edənlər indi daha ehtiyatlı davranırlar.
Bununla yanaşı, idmana yeni qoşulan gənc pilotlar da risk etməkdən daha çox çəkinirlər. Biz köhnə nəsil sürücülər ‘Gəlin, yarışaq’ düşüncəsində olduğumuz halda, gənclərin çoxu ‘Yarışmayaq’ mövqeyində ola bilir.
Beləliklə, qərar verənlərə iki fərqli yanaşma çatdırılır. Çətin şəraitdə trasa çıxmaq, əlbəttə, daha təhlükəlidir. Ancaq pilot kimi özünüzü həqiqətən sınadığınız yer də məhz belə şəraitdir.
Bolidin limitlərində sürməli olduğunuz həmin anlar fərq yarada biləcəyiniz yeganə məqamlardır. İnanıram ki, karyeram ərzində rəqiblərimdən fərqləndiyim anlar da məhz belə şəraitdə olub”.




Şərh əlavə et