Sinqapur trasında əvvəlki illərdə xüsusilə aşağı sürətli döngələrdə, kerblərdən istifadə zamanı və nahamarlıqlarda çətinlik çəkdiklərini xatırladan niderlandlı sürücü burada qələbə qazanmaq istəyindən danışıb: “Son bir neçə ildə aşağı sürətli döngələrdə, kerblərdən istifadə zamanı və nahamarlıqlarda həmişə çətinlik çəkmişik.
Builki bolidimiz aşağı sürətlərdə yəqin ki, daha rəqabətqabiliyyətlidir. Amma nahamarlıqlarda və kerblərdə hələ də çətinlik çəkirik və bunun fərqindəyik.
Burada heç vaxt qələbə qazana bilmədiyim üçün deyə bilərəm ki, yarımçıq qalan bir işim var. Əslində, hər il Sinqapurda qələbə qazanmağa çalışıram, amma reallığı da nəzərə almaq lazımdır. Ümid edirəm ki, bu il əvvəlki illərlə müqayisədə bir qədər daha rəqabətqabiliyyətli olarıq”.
Soyuducu jiletlərlə bağlı şübhəli mövqeyini qoruyan Ferstappen bu sistemlərin bolidin kokpitində hərəkət imkanlarını məhdudlaşdırdığını bildirib: “Bu sistem heç mənlik deyil. Soyuducu jilet taxanda bolidin içində lazımsız kabellər olur və hərəkətimi məhdudlaşdırır.
Mənim buna heç bir ehtiyacım yoxdur. Sistem bir saat yarım ərzində əla soyutma təmin etsə belə, ondan istifadə etmərəm. Onsuz da heç bir yarış kateqoriyasında bu sistemin bir saat yarım boyunca işlədiyini görməmişəm”.
Dördqat dünya çempionu yay fasiləsindən sonra komandanın yüksələn formasını və yeniliklərin bolidin idarəolunmasına təsirini də dəyərləndirib: “Müqavilə ilə bağlı danışıqlarım yeniliklərə aid deyildi. Daha çox gələcəyə və komandanın hansı istiqamətdə inkişaf edəcəyinə fokuslanmışdıq.
Komanda ilə işləmək onsuz da çox xoşdur. İndi əldə etdiyimiz yüksəliş isə əlbəttə, əlavə bir bonus oldu. Çünki ön qrupda mübarizə aparmaq orta qrupda mübarizə aparmaqdan daha çox məmnunluq verir.
Boliddəki ən böyük dəyişiklik balansın daha proqnozlaşdırıla bilən olmasıdır. Mövsümün əvvəlində döngəyə daxil olarkən nə baş verəcəyini bilmirdim. Bolid qəribə reaksiyalar verirdi və buna görə də heç cür sabitlik əldə edə bilmirdik.
Son bir neçə yarış həftəsonunda isə bolidin limitlərinin harada olduğunu və ondan maksimum nəticə almaq üçün nə etməli olduğumu daha yaxşı bilirəm”.




Şərh əlavə et