İndoneziya Qran Prisinin ilk məşqindən əvvəl hava və trasın temperaturu normal səviyyədə olub. Döngələrdə motosikletlərin performansına təsir edən külək zəif, asfaltın tutuş səviyyəsi isə orta ilə yaxşı arasında qiymətləndirilib.
Start siqnalından sonra sürücülər trasa çıxaraq 45 dəqiqəlik sessiyaya başlayıblar. Bütün pilotlar arxa təkərdə orta tərkibdən istifadə ediblər.
İlk dövrələrdə Raul Fernandes 1:31.224 nəticə ilə liderliyə yüksəlib. Qısa müddət sonra Fabio Di Cianantonio 1:30 dəqiqəlik göstərici ilə zirvəni ələ keçirib.
Sessiyanın 15-ci dəqiqəsi geridə qalanda Fernandez 1:30.534 nəticə göstərərək yenidən birinci yerə yüksəlib.
Dieqo Moreyra 1-ci döngədə motosikletinə nəzarəti itirərək qəza edib. Öz gücü ilə ayağa qalxan sürücü qısa müddət sonra boksa qayıdıb. Hadisədən sonra trasda qısa müddətə sarı bayraqlar dalğalandırılıb.
Daha sonra Ai Oqura da qəzaya uğrayıb. 8-ci döngədən 9-cu döngəyə keçid zamanı motosikletinə nəzarəti itirən yaponiyalı sürücü boksa qayıtdıqdan sonra təmir işləri vaxtında başa çatmadığı üçün sessiyanın qalan hissəsində trasa çıxa bilməyib.
Marko Bezzekki 1:30.132 nəticə göstərərək liderliyə yüksəlib. Qısa müddət sonra Fermin Aldeqer 1-ci döngədə qəza edib, lakin ciddi problem yaşamadan boksa qayıdıb.
Xorxe Martin Bezzekkidən 0,377 saniyə geri qalaraq ikinci pilləyə yüksəlib.
Sessiyanın son dəqiqələrində Toprak Razqatlıoğlu ilə Françesko Banyaya arasında toqquşma təhlükəsi yaranıb. Yamaha motosikletinin döngələrdəki zəif performansı səbəbindən sürətini azaldan Toprak xarici trayektoriya ilə döngəyə daxil olan Banyayanı istəmədən trasdan kənara sıxışdırıb. Banyaya isə qollarını qaldıraraq hadisəyə etiraz edib.
Stüardlar insidenti araşdırsalar da, Toprakın qayda pozuntusu qeydə alınmayıb və ona hər hansı cəza verilməyib.
Sessiyanın son dövrələrində Mark Markes 1:30.369 nəticə göstərərək səkkizinci yerdən ikinci pilləyə yüksəlib və Aprilia sürücülərinin arasına daxil olub.
Damalı bayrağın dalğalanması ilə İndoneziya Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb. Marko Bezzekki liderliyini qoruyub, Mark Markes ikinci, onun Aprilia-dakı komanda yoldaşı Xorxe Martin isə üçüncü yeri tutub.




Şərh əlavə et