Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Sinqapurda şansımız var

Fernando Alonso Sinqapur Qran Prisi öncəsi keçirilən mətbuat konfransında Aston Martin-in performansının böyük ölçüdə tras xüsusiyyətlərindən asılı olduğunu bildirib.

Malayziyada qazandıqları səkkizinci yerin xal qazanmaq baxımından sevindirici olduğunu, lakin hələ də istədikləri mövqedən uzaqda qaldıqlarını deyən ispaniyalı sürücü performanslarının əsasən trasın quruluşundan asılı olduğunu vurğulayıb.

Fernando Alonso: “Əlbəttə, hələ də olmaq istədiyimiz mövqedən uzağıq. Lakin xal qazanmaq və yarışda rəqabətədavamlı temp göstərmək son dərəcə sevindirici idi.

Yenə də bildiyiniz kimi, bu il bizim üçün çətin keçir. Düzlüklərdə tempimiz və sürətimizlə bağlı problemlər yaşamağa davam edirik.

Əslində, bu, bir qədər də trasdan asılıdır. Bolidimiz, sazlamalarımız və güc qurğumuz Malayziya yarışından beş gün əvvəl keçirilən Bakı Qran Prisindəki ilə tamamilə eyni idi, ancaq performans fərqi çox böyük oldu.

Ona görə də məsələ sazlamalarla təcrübələr aparmaq və ya bolidi düzgün işləmə diapazonuna gətirmək deyil. Hər şey həftəsonu mübarizə aparacağımız trasın düzlüklərindən asılıdır. Sinqapurda daha az düzlük var və trasın quruluşu şanslarımızı artıra bilər”.

Sepanq kimi klassik treklərin təqvimə qayıtması və trasların quruluşu barədə sualı cavablandıran Alonso küçə trasları ilə müqayisədə ənənəvi treklərə üstünlük verdiyini bildirib: “Mən həmişə ənənəvi trekləri sevmişəm. Səbəbini bilmirəm, amma düşünürəm ki, bu treklər daha yaxşı yarışlar təqdim edir və bolidi limitlərinə qədər sürməyə imkan verir.

Sepanq, Zandfort, Monza və ya Barselona kimi treklərdə həftəsonu irəlilədikcə bolidin sazlamalarında dəyişikliklər edərək daha çox performans əldə edə bilirsiniz.

Bəzi küçə traslarında isə bolidi 95 faiz gücündə idarə edirsiniz, qəza etməmək üçün bəzən 80 faizə qədər enirsiniz və ötmək imkanları da çox olmur. Buna görə ənənəvi trekləri həmişə daha çox sevirəm”.

Rauf Hacıyev

Şərh əlavə et