Xəbəri Kokpitdə Oxuyun!

McLaren rebrendinq edib

Son iki mövsümün Mühəndis lərÇempionu McLaren komandanın həyəcanverici və tarixi dövrə qədəm qoyduğu bir vaxtda “təkmilləşdirilmiş marka kimliyini” təqdim edib.

Formula 1-də son iki mövsümün Mühəndislər Çempionu olan McLaren IndyCar proqramı ilə yanaşı, 2027-ci ildə Dünya Dözümlülük Çempionatının (WEC) Hypercar sinfində də mübarizə aparmağa hazırlaşır.

Bu isə o deməkdir ki, McLaren 2027-ci ildə avtoidmanda Üçlü Tacı təşkil edən Le-Manın 24 Saatı, İndianapolis 500 və Monako Qran Prisinin hər üçündə iştirak edən yeganə komanda olacaq. Bundan əlavə, McLaren bu üç yarışın hamısında qələbə qazanmağı bacaran yeganə komandadır.

McLaren yeni marka kimliyinin “komandanın qurucusu Bryus MakLarenin vizyonundan və tükənməz ambisiyasından ilhamlandığını, eyni zamanda onun müştərilər, əməkdaşlar, azarkeşlər və bütün dünyadakı icma üçün yaratdığı daha geniş McLaren dünyasını əks etdirdiyini” bildirib.

Yeni kimliyin mərkəzində Bryus MakLarenin ailəsinə məxsus Oklend şəhərinin Remuera rayonundakı yanacaqdoldurma məntəqəsinin üzərindəki lövhədən ilhamlanaraq hazırlanan yeni McLaren yazı loqosu dayanır. Sözügedən yanacaqdoldurma məntəqəsi Bryusun valideynləri Les və Rut MakLarenə məxsus olub.

Komandanın ikonik Speedmark loqosundan isə istifadə davam etdiriləcək. McLaren bundan qısa müddət əvvəl Monakoda Formula 1 Dünya Çempionatı çərçivəsində 1000-ci Qran-prisinə də çıxmışdı.

McLaren yeni dövrə hazırlaşır

McLarenin baş kreativ direktoru Devid Vudhaus yeni kimliyin komandanın keçmişindən gələn innovativ ruhu əks etdirdiyini bildirib: “McLaren-də unikal bir şey var. Tariximiz boyunca heç vaxt mövcud yollarla kifayətlənməmişik.

Həmişə irəliyə baxmışıq. Yenilik etmək, yaratmaq və gözləntiləri üstələmək üçün tükənməz istəklə hərəkət etmişik. Vizual kimliyimizdəki bu dəyişiklik də həmin ruhu əks etdirir. Bu, şirkət olaraq keçdiyimiz yolun əksidir.

Bu, McLaren üçün yeni fəslin başlanğıcını göstərir və gələcəyimizi formalaşdıran ambisiyaya, yaradıcılığa və inkişaf arzusuna konkret ifadə qazandırır”.

McLarenin marketinq direktoru Lu MakEuen isə yeni marka kimliyinin “tam mənada McLareni əks etdirdiyini” deyib.

MakEuen sözlərini belə tamamlayıb: “McLaren illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edib. Lakin Yarış və Avtomobil bölmələrimizdəki ortaq keçmişə nəzər saldıqda, Bryusun ilkin vizyonunun və ruhunun bu gün də şirkətin bütün sahələrində nə qədər güclü yaşadığını görmək çox mənalıdır.

Bu təkmilləşdirilmiş kimlik qürur duyduğumuz keçmişimizlə gələcəyə yönəlmiş hədəflərimiz arasında qüsursuz körpü yaradır.

Azarkeşlərimizin, tərəfdaşlarımızın və komanda üzvlərimizin artıq tanıdığı və sevdiyi simvolları, eləcə də hekayələri qeyd etməklə yanaşı, bundan sonra gedəcəyimiz istiqaməti daha bütöv şəkildə ifadə etməyə imkan verir. Bu kimlik tam mənada McLaren-i əks etdirir”.

Rauf Hacıyev

Şərh əlavə et