Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Şumaxeri yad edəcək

Ferrari komandası 1996-2006-cı illər arasında Mixael Şumaxerin komandada keçirdiyi və böyük uğurlarla yadda qalan 10 illik dövrü müxtəlif tədbirlərlə qeyd etməyə hazırlaşır.

İtaliya komandası qarşıdakı həftəsonu Monzada keçiriləcək İtaliya Qran Prisi öncəsi Mercedes ilə arasındakı güc fərqini azaltması gözlənilən yeni mühərrik yeniləməsinə böyük ümid bəsləyir.

Ferrari çempionatın lideri Kimi Antonellinin arxasında ikinci pilləni bölüşən Lyuis Həmiltonla birlikdə çempionluq mübarizəsinə yenidən qoşulmağı hədəfləyir.

İtaliya komandası yenilənmiş mühərriklə yanaşı, İtaliya Qran Prisi üçün “tifosi”lərə xüsusi sürpriz də hazırlayıb. Bütün Formula 1 azarkeşlərinin qəlbində xüsusi yeri olan yeddiqat Dünya Çempionu Mixael Şumaxerə Monzada xüsusi ehtiram göstəriləcək.

Monzadakı bu xüsusi yarış Şumaxerin Ferrari ilə qazandığı ilk qələbənin 30-cu, İtaliyadakı son qələbəsinin isə 20-ci ildönümünə təsadüf edir. Bu iki tarix arasında keçən 10 illik qızıl dövrdə qazanılan 5 dünya çempionluğu və 71 qələbə Ferrari tarixinin ən möhtəşəm səhifələrindən birini təşkil edir.

Lyuis Həmilton və Şarl Leklerin idarə edəcəyi SF-26 bolidləri Monza həftəsonu ərzində əfsanəvi pilot Şumaxerə həsr olunmuş xüsusi dizaynla trasa çıxacaq.

2013-cü il dekabrın 29-da Meribeldə keçirdiyi bədbəxt xizək qəzasından sonra ailəsi ilə birlikdə gözlərdən uzaq həyat yaşayan Şumaxer üçün Monzada bir sıra xüsusi tədbirlər də təşkil olunacaq. Tədbirlərin detalları qarşıdakı günlərdə açıqlanacaq.

Rauf Hacıyev

Şərh əlavə et