Ferrari ADUO (Əlavə İnkişaf və Yenilənmə İmkanları) sistemi çərçivəsində 2026-cı il mövsümündə ikinci və son güc qurğusu yenilənməsini İtaliya Qran Prisində istifadəyə verib. Bu güc qurğularından biri Haas-a verilib və Oliver Bermanın bolidinə quraşdırılıb.
Britaniyalı sürücü yarışın ilk dövrələrində qısa müddətə səkkizinci pilləyə yüksəlib, lakin sonrakı dövrələrdə Alpine və RB F1 Team sürücülərinin tempinə uyğunlaşa bilməyərək geriləyib. Virtual təhlükəsizlik maşını rejimində boksa girməyən gənc sürücü damalı bayrağı 15-ci pillədə görüb.
Ferrari komandasının rəhbəri Frederik Vassyör ADUO 2 güc qurğusunun böyük dəyişiklik yaratmayacağını açıq şəkildə bildirmişdi. Oliver Berman da bu fikirlə razılaşıb: “Aerodinamik yenilənmənin gətirdiyi qazanc ilə müqayisədə bunun daha kiçik bir addım olduğunu deyə bilərik.
Əlbəttə, bu trasda bir qədər daha çox töhfə verir. Lakin mövsümün ümumi ortalamasını nəzərə alsaq, dürüst desəm, bu mühərrikdən Zandfortda istifadə etsəydik belə, bizi Q1 mübarizəsindən çıxaracaq qədər böyük üstünlük verməzdi. Məncə, bu, nəticəni dəyişən yenilənmə deyildi.
Əlbəttə, daha çox güc hər zaman yaxşıdır. Amma nə qədər qazanc əldə edildiyi barədə xəbərləri oxumusunuz. Bu, mütləq faydalıdır, lakin ən böyük addım aerodinamik yenilənmə idi. Bu yenilənmə mühərrikdən əldə etdiyimiz güc qazancının iki, hətta üç qatından daha çox üstünlük verdi. Bu da komandanın gərgin əməyinin göstəricisidir və bununla həqiqətən çox qürur duyuram”.
Haas-ın Monzaya gətirdiyi yenilənmə paketinə yenilənmiş altlıq və sidepodlarla yanaşı, mühərrik qapağında dəyişdirilmiş kuzov elementləri də daxil olub. Yeni güc qurğusuna sahib olmayan Esteban Okon isə yeni aerodinamik komponentlərdən yararlanıb, lakin buna baxmayaraq Q2-də komanda yoldaşından 0,7 saniyə yavaş qalıb.
Lakin bu, Ferrari-nin yeni mühərrikinin Haas-a 0.7 saniyə qazandırdığı anlamına gəlmirdi. Fransalı sürücü VF-26-nın aerodinamik qeyri-sabitliyindən mənfi təsirlənib. Okon bu problemin mövsümdə keçirilən ilk 13 yarışın 10-da ona təsir etdiyinə inanır.
Sıralanma turlarından sonra bolidin qeyri-sabitliyinin sərbəst yürüş seansları ilə müqayisədə yaxşılaşıb-yaxşılaşmadığı sualına Okon belə cavab verib: “Xeyr, təəssüf ki, yaxşılaşmadı. Edə biləcəyimiz hər şeyi sınadıq. Qarajdakı bütün komponentləri götürüb bolidə quraşdırdıq. Əlimizdən gələn hər şeyi etdik, ancaq problemin mənbəyini tapa bilmədik.
Təəssüf ki, xüsusilə bolidin arxa hissəsində Ollie ilə müqayisədə hələ də çoxlu asfaltayatma qüvvəsi itiririk. Açığı, bu ideal deyil, lakin uşaqlar bunu həll etmək üçün həqiqətən möhtəşəm iş görüblər.
Öz dövrəmdən də razı idim. Günün sonunda güclü dövrə vurduğumu düşünürəm və bundan məmnun idim. Lakin asfaltayatma qüvvətinin çatışmazlığı ilə yanaşı, burada mühərrikdən qaynaqlanan itkilər də kifayət qədər çoxdur. Edə biləcəyimiz maksimum bu idi”.




Şərh əlavə et