Aston Martin 2026-cı il mövsümünü demək olar ki, 12 ay davam edən sınaq mərhələsi kimi qiymətləndirir. Mövsümün ilk yarasının son dərəcə çətin keçməsindən sonra Silverstounda yerləşən komanda AMR26 üçün genişmiqyaslı yenilənmə paketi hazırlamağa qərar verib.
Lakin britaniyalılar mühəndis Enriko Kardilenin açıqlamaları vasitəsilə mövsümün ortasında gətirilən böyük yenilənmə paketinin AMR26 üçün planlaşdırılan son əhatəli inkişaf olduğunu təsdiqləyiblər. Bundan sonra bütün diqqət əsasını hazırkı AMR26-nın təşkil edəcəyi 2027-ci il bolidinə yönəldiləcək.
Kardile Aston Martinin saytına müsahibəsində deyib: “Macarıstandan sonra bir neçə kiçik yenilənmə etdik. Zandvoortda ön qanadda və altlıqda dəyişikliklər həyata keçirdik. Bunlar bu bolid üçün planlaşdırılan son aerodinamik yenilənmələr olacaq.
Yeganə istisna 2027-ci il bolidinin inkişafı zamanı bu il trasda sınaqdan keçirməyin korrelyasiya prosesimizə kömək edəcəyini düşündüyümüz hər hansı bir şey kəşf etməyimiz ola bilər. Amma hazırda bundan başqa planlaşdırılan heç nə yoxdur.
Çəki azaltma proqramımızı hələ də başa çatdırmalıyıq. Bunun Bakı ətrafında tamamlanacağını gözləyirik. Bakıdan etibarən isə mövsümün qalan hissəsində əsasən bolidin yekun versiyasından istifadə edəcəyik.
Mövsümün ortasında tamamilə yenidən işlənmiş bolidi trasa gətirmək üçün bütün komandanın ortaya qoyduğu səy inanılmaz idi. Görülən işin miqyasına görə bu, komandanın indiyə qədər trasa gətirdiyi ən böyük yenilənmədir. Yaxşı təməl bazamız yox idi, ancaq bir neçə ay ərzində şassi baxımından çox mühüm irəliləyiş əldə etdik”.
Aston Martin normal şərtlərdə yarışdan yarışa kiçik yenilənmələr gətirməyə üstünlük verə bilərdi. Lakin komandanın düşdüyü kritik vəziyyət səbəbindən əvvəlcə məlumat toplamaq və problemləri dərindən anlamaq, daha sonra isə həm cari mövsüm, həm də gələcək şassi və aerodinamik işlər üçün möhkəm təməl yaradacaq böyük yenilənmə hazırlamaq qərarına gəlinib.
Kardile bu yanaşma barədə belə danışıb: “Bu, cəsarətli və doğru qərar idi.
Bu yanaşmanı mənimsəmək Formula 1 komandasının iş prinsipini tamamilə dəyişir. Davamlı olaraq kiçik yenilənmələr gətirdikdə vaxt baxımından həmişə təzyiq altında olursunuz. Bir neçə həftədən bir nəyisə dondurmalı, bazara çıxarmalı, istehsal etməli və göndərməlisiniz.
Bizim etdiyimiz isə insanlara vaxt vermək idi. Aerodinamiklərə, dizaynerlərə və mühəndislərə vaxt verdik. Onlara konsepsiyaları yenidən düşünmək, yetişməsi bir neçə həftədən daha uzun çəkə biləcək ideyaları araşdırmaq imkanı yaratdıq. Bəzi konsepsiyaların böyük potensialı var, amma səbir tələb edir.
‘Dörd və ya beş həftə ərzində nəyisə təhvil verməlisən’ təzyiqini aradan qaldıraraq daha effektiv iş görmək üçün imkan yaratdıq. Məncə, əldə etdiyimiz irəliləyişi təmin etməyin yeganə yolu bu idi. Ənənəvi və mərhələli yanaşma ilə bunu bacara biləcəyimizə inanmıram”.
AMR26-nın yeni versiyası Fernando Alonsonun sayəsində indiyədək yalnız bir dəfə Q1-i keçə bilib. Sıralanma performansında müəyyən irəliləyiş müşahidə olunsa da, bu qazanc demək olar ki, heç vaxt real performans artımı yaradacaq səviyyəyə çatmayıb. Yarışlarda isə Alonso Aston Martinə xal qazandırmağı bacarıb.
Kardile AMR26-nın yarış tempindəki güclü tərəflərinə də diqqət çəkib: “İndiyə qədər gördüklərimizə əsasən, bolid xüsusilə yarış konfiqurasiyasında güclü görünür. Təkərlərlə daha yumşaq davranır. Əlbəttə, təkərlərin performansı stint ərzində onlardan necə istifadə etdiyinizdən də asılıdır. Lakin bolidlə birlikdə seçdiyimiz istiqamətin açıq şəkildə doğru olduğunu görürük.
Bu, çox vacibdir, çünki bu bolid 2027-ci ilin başlanğıc nöqtəsi olacaq. Şassi baxımından artıq hara getməli olduğumuz barədə yaxşı təsəvvürümüz var”.
Beləliklə, Aston Martin-in proqramı artıq dəqiq müəyyənləşib: Bakıda çəki azaltma işləri üçün son addım atılacaq və bundan sonra bütün diqqət 2027-ci il bolidinə yönəldiləcək.
Honda da oxşar yol xəritəsini izləyəcək. ADUO2 çərçivəsində icazə verilən yenilənmələri özündə birləşdirən mühərrik bu mövsüm təqdim ediləcək son böyük güc qurğusu yenilənməsi olacaq. Yapon istehsalçı bundan sonra çalışmalarını yalnız 2027-ci ildə istifadə ediləcək güc qurğusu ilə bağlı məsələlərə yönəldəcək.




Şərh əlavə et