Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Alonso və Stroll daha 1 il Aston Martin-də!

Fernando Alonso 2027-ci ildə də Aston Martin ilə Formula 1-də yarışacağını təsdiqləyərək gələcəyi ilə bağlı bütün suallara aydınlıq gətirib.

İkiqat Dünya Çempionunun Aston Martin ilə mövcud müqaviləsi 2026-cı mövsümünün sonunda başa çatırdı. Buna görə də Alonso son aylarda Formula 1-də karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı suallarla üzləşirdi.

İspaniyalı pilot qərarının böyük ölçüdə Formula 1 qaydalarının hansı istiqamətdə inkişaf edəcəyindən asılı olduğunu bildirirdi.

Alonso bu müddətdə F1-in baş direktoru Stefano Domenikali və FIA prezidenti Mohammed Ben Sulayemlə də görüşlər keçirib.

Nəhayət, gözlənilən xəbər gəlib və Alonsonun Aston Martin ilə yeni müqavilə imzaladığı açıqlanıb.

Yeni müqaviləyə əsasən, Fernando Alonso 2027-ci il mövsümündə də Aston Martin-in heyətində Formula 1-də yer alacaq.

Fernando Alonso: “Aston Martin ilə yeni müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Bu qərarı verməyə tələsmədim. Lakin yarışmaq mənim həyatım və ehtirasımdır. Hələ də ən yüksək səviyyədə mübarizə aparmaq üçün lazımi sürətə və əzmə sahib olduğumu bilirəm.

Bu komandaya uzunmüddətli perspektivdə bağlıyam və uğur qazanmağımıza kömək etmək istəyirəm. Qurmaqda olduğumuz layihəyə həqiqətən inanıram. Güclü rəhbərliyimiz, möhtəşəm əməkdaşlarımız, tərəfdaşlarımız və infrastruktura sahibik.

Ehtiraslı azarkeşlərin qarşısında trasda daha çox xatirə yaratmaq üçün səbirsizlənirəm. Onların enerjisi xüsusi atmosfer yaradır və bu da idmanımızı özəl edən amillərdən biridir”.

İspaniyalı pilotun Silverstoun komandasında karyerası isə heç də hamar keçməyib. Alonso Aston Martin-də ilk səkkiz yarışın altısında podyuma çıxaraq mövsümə möhtəşəm start verib və həmin il daha iki podyum qazanıb.

Lakin sonradan vəziyyət böyük ölçüdə dəyişib. Aston Martin inkişaf yarışında rəqiblərindən geri qalarkən, 2026-cı il qaydalarına da uğursuz başlayıb. Bunun səbəblərindən biri rəqabətədavamlı olmayan Honda güc qurğusu olub.

15 yarışdan sonra Aston Martin Konstruktorlar Kubokunda 3 xalla 10-cu yerdə qərarlaşıb. Komandanın bütün xallarını Alonso qazanıb. Silverstoun təmsilçisi yalnız çempionata yeni qoşulan Cadillac-ı qabaqlayır.

Aston Martin eyni zamanda Lance Strollun müqaviləsini də uzatdığını açıqlayıb. Beləliklə, Williams-dan Aston Martin-ə keçən Stroll komanda ilə 9-cu mövsümünə hazırlaşır.

Ləns Stroll: “Aston Martin ilə uzunmüddətli əməkdaşlığımı davam etdirəcəyim üçün çox xoşbəxtəm. Bu səyahətin ən əvvəlindən buradayam və qalib gəlmək iqtidarında olan komandaya çevrilmək üçün lazım olan resurslara və insanlara sahib olduğumuza inanıram.

Silverstounda çox böyük iş görülür və həqiqətən də irəliləyiş əldə edilir. Hər bir departamentdə gördüyüm əzmkarlıq mənim üçün böyük motivasiya mənbəyidir.

Düzgün istiqamətdə irəlilədiyimizi bilirəm və hədəflərimizə çatmağımıza kömək etmək üçün öhdəliyim əvvəlkindən də güclüdür”.

Komandanın sahibi Lourens Stroll isə belə danışıb: “Ləns və Fernando bu səyahətimizin mühüm hissəsinə çevriliblər. Onların komandanın növbəti mərhələsində də bizimlə qalacaqlarını təsdiqləməkdən böyük məmnunluq duyuruq.

Bu səviyyədə təcrübəyə, bağlılığa və biliyə sahib iki pilota sahib olmaq bütün təşkilat üçün böyük dəyərdir.

Biz burada qalib gəlmək üçün varıq. Qısamüddətli perspektivdə əsas diqqətimiz performansımızı inkişaf etdirməyə davam etməkdir. Bununla yanaşı, uzunmüddətli hədəflərimizə çatmaq üçün ehtiyacımız olan dünya səviyyəli istedada sahib olduğumuza inanırıq”.

Rauf Hacıyev

Şərh əlavə et