Xəbəri Kokpitdə Oxuyun!

Haas Godzilla dizaynını ABŞ-a gətirir

Yaponiya Qran Prisində xüsusi dizaynı ilə böyük rəğbət qazanan Haas Godzilla temalı bolid görünüşünü ABŞ Qran Prisi üçün Ostinə gətirəcək.

Yaponiyanın əyləncə studiyası TOHO ilə əməkdaşlığını davam etdirən Amerika komandası Ostindəki Circuit of the Americas trasında “Canavarlar kralı” Godzilla temalı xüsusi dizaynla mübarizə aparacaq. Esteban Okon və Oli Berman Suzukidəki dizayndan fərqlənən bolidlərlə yarışacaqlar. Komandanın yarış kombinezonları və pit heyətinin avadanlıqları da bu mövzuya uyğun hazırlanacaq.

Əməkdaşlığın vaxtı da xüsusi əhəmiyyət daşıyır. Mövsümün 18-ci yarışı olan ABŞ Qran Prisi noyabrın 6-da ABŞ-də kinoteatrlarda nümayiş olunacaq yeni Godzilla filmi Godzilla Minus Zero-nun premyerasından bir qədər əvvəl keçiriləcək.

Yeni rəng çaları və Godzilla x TGR Haas F1 Team adlı xüsusi azarkeş kolleksiyası oktyabrın 19-da, bazar ertəsi, onlayn təqdim olunacaq.

Ostində keçiriləcək təqdimat tədbirində komanda rəhbəri Ayo Komatsu, yarış pilotları Esteban Okon və Oli Berman, ehtiyat pilot Cek Duhan, eləcə də F1 Akademiyasının pilotu Keyli Kauntriman iştirak edəcəklər.

Bundan əlavə, oktyabrın 23-dən 25-dək Barton Creek Square ticarət mərkəzində nümayiş etdiriləcək şou bolidi və yeni məhsullar azarkeşlərə xüsusi dizaynı yaxından görmək imkanı yaradacaq.

Komanda rəhbəri Ayo Komatsu əməkdaşlıq barədə bunları deyib: “Yaponiya Qran-prisində TOHO və Godzilla ilə birlikdə əldə etdiklərimizlə fəxr edirdik.

Canavarlar kralını öz evimiz Ostinə gətirməkdən böyük məmnunluq duyuruq. Bu ikinci xüsusi dizaynla Formula 1-də yeni bir səhifə açırıq. Godzilla əfsanəvi obrazdır. Bu əməkdaşlığı ABŞ-də yenidən həyata keçirmək həm komandamız, həm də azarkeşlərimiz üçün xüsusi hadisə olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et