Xəbəri Kokpitdə Oxuyun!

Haas xüsusi rəng çalarını təqdim edib

Aralarında bir həftə fasilə olmaqla keçiriləcək üç yarışlıq Amerika səfəri bu həftəsonu ABŞ Qran Prisi ilə başlayacaq. Haas üçün bu mərhələ ev yarışı hesab olunur və Amerika komandası ona xüsusi hazırlaşır. Oliver Berman və Esteban Okonun bolidlərinin qeyri-adi dizayna sahib olacağı barədə daha əvvəl məlumat vermişdik.

İndi isə Yaponiyanın TOHO studiyasının iştirakı ilə hazırlanan yeni dizaynı daha ətraflı görmək mümkündür. Komikslərdən, cizgi filmlərindən və kinolardan tanınan məşhur personaj Godzilla həftəsonunun bütün günlərində Haas bolidlərini müşayiət edəcək.

Ayao Komatsu, Haas komandasının rəhbəri: “Formula 1 təqvimindəki üç ABŞ yarışından birincisinin keçiriləcəyi Circuit of the Americas trasına qayıtmaqdan məmnunuq. Bununla belə, məhz bu yarışı bizim üçün ən vacib mərhələ hesab edirik.

Düşünürəm ki, Sinqapurda bolidin sazlanması və komandanın işinin təşkili baxımından irəliyə doğru addım atdıq. İndi bu tendensiyanı davam etdirmək və qarşımıza çıxan bütün imkanlardan yararlanmaq istəyirik.

ABŞ Qran Prisi zamanı Godzilla ilə əməkdaşlığımız da bizi çox sevindirir. Bu, bu il Yaponiyada keçirilən təqdimatın davamıdır. Əvvəlcə əməkdaşlığın bütün mövsüm boyu davam etməsi nəzərdə tutulmuşdu. Qarşıdan gələn Godzilla: Minus Zero filminin premyerası münasibətilə bolidimiz xüsusi dizaynda hazırlanıb. Həmçinin azarkeşlər üçün xüsusi tədbirimiz olacaq”.

Oliver Berman: “ABŞ Qran Prisi həmişə mövsümün ən yaddaqalan hadisələrindən biri olur. Komandamız üçün bu, ev yarışıdır və Ostindəki trasda işə başlamağı səbirsizliklə gözləyirəm. COTA döngələrin uğurlu kombinasiyasına və ötmə üçün yaxşı imkanlara malik mürəkkəb trasdır.

Komandanın tərəfdaşları ilə də işləyəcəyimiz üçün bu həftəsonunun qrafiki həmişəkindən daha sıx olacaq. Bu yarışda bolidimizin ikinci xüsusi dizaynını təqdim edəcəyik. Mən də bu münasibətlə dəbilqəm üçün uyğun dizayn hazırlamışam.

Son üç yarışın ikisində xal qazanmışıq. Buna görə də qarşıdakı üç mərhələdə bizi hansı vəzifələrin gözlədiyini yaxşı bilirik”.

Esteban Okon: “Ostində əla tras, şəhər isə çox maraqlıdır. Hamımız buraya məmnuniyyətlə qayıdırıq. Bu il həftəsonunun proqramında sprint yarışı yoxdur. Buna görə də şənbə günü keçiriləcək sıralanma turuna mümkün qədər yaxşı hazırlaşmaq üçün üç sərbəst yürüş ərzində tempimizi tədricən artıra biləcəyik.

Bütün yarışlara eyni yanaşırıq. Bununla belə, bu mərhələnin komandamız üçün ev yarışı olduğunu nəzərə almamaq mümkün deyil. Buna görə də bu həftə bizi çoxsaylı tədbirlər gözləyir. ABŞ-dakı azarkeşlərlə yenidən görüşəcəyik və yarış günü bu, komandaya əlavə motivasiya verəcək”.

Rauf Hacıyev

Şərh əlavə et