Mercedes-in texniki direktor köməkçisi Simone Resta və komanda rəhbərinin müavini Bredli Lord Ostinə yeniləmələr gətirəcəklərini açıqlayıblar. Boliddə yeni ön qanad da istifadə olunacaq.
Son yeniləmələrin texniki təsirini dəyərləndirən Resta yeni paketin Ostində yenidən istifadəyə veriləcəyini bildirib.
Simone Resta: “Daha çox asfaltayatma qüvvəsi ölçürük, lakin gözlədiyimizdən fərqli balansla qarşılaşdıq. Ön hissədə lazım olduğundan artıq asfaltayatma qüvvəsi əldə etdik. Əslində, bu, müsbət haldır. Etməli olduğumuz yeganə şey bolidin ideal iş diapazonunu yenidən düzgün səviyyəyə gətirməkdir.
Mexaniki sazlamalar apararaq bu konfiqurasiyada müəyyən etdiyimiz bəzi xüsusiyyətləri düzəltməli və paketi tamamilə fərqli tras olan Ostinə uyğunlaşdırmalıyıq.
Asfaltayatma qüvvəsini artırdığımızı düşünürəm. Lakin bu artım bolidin trasdakı bütün iş şəraitlərində eyni səviyyədə olmaya bilər.
Bu, müəyyən şəraitdə bolidin balansını bir qədər dəyişir. Buna görə də həm pilot, həm də bolidin sazlamaları yeni vəziyyətə uyğunlaşmalıdır. Avtomobildən maksimum performans almaq üçün onu işlətmə üsulumuzu dəyişirik və nəticədə sürüş tərzi də dəyişir”.
Malayziyada yeniləmələr təqdim edən Mercedes Sinqapurda yeni ön qanadı da sınaqdan keçirib. Lakin cəmi bir sərbəst yürüş sessiyasından sonra bu komponentdən istifadə dayandırılıb.
Simone Resta komandanın yeni ön qanadı yarışda istifadə etməyi onsuz da planlaşdırmadığını bildirib: “Onu yarışda istifadə etməyi planlaşdırmırdıq. Məqsədimiz ön qanadı yoxlamaq, əvvəlki versiya ilə müqayisə etmək, məlumat toplamaq, təhlillər aparmaq və növbəti yarışa mümkün qədər yaxşı hazırlaşmaq idi”.
Bredli Lord yeni ön qanadla bağlı əlavə məlumat verib: “Əlimizdə cəmi bir nümunə var idi və onu vaxtında hazırlamaq üçün istehsal prosesini sürətləndirmişdik. Yalnız bir nümunəmiz olduğundan, komponentə zərər vermək yarışa pit-leynindən başlamaq riski yarada bilərdi.
Buna görə də onu sıralanma turunda, sprint yarışında və ya əsas yarışda istifadə etmək riskə dəyməzdi. Bununla belə, sınaq zamanı öyrəndiklərimiz olduqca faydalı oldu.
Sərbəst yürüşdə yeni ön qanadla trasa çıxmağa dəyərdi. Çünki bu yolla vacib məlumatlar əldə etdik. Ümid edirik ki, həmin məlumatlar yenilənmiş konfiqurasiya və yeni ön qanadla Ostinə hər iki bolidlə daha hazırlıqlı gəlməyimizə kömək edəcək.
Məqsədimiz indiyədək tam istifadə edə bilmədiyimiz daha yüksək maksimum performans potensialından bu dəfə daha yaxşı yararlanmaqdır”.




Şərh əlavə et