Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Kamara gələn ildən Haas-da yarışacaq

Rafael Kamara 2026-cı ilin sonunda Haas-dan ayrılacaq Esteban Okonu əvəz edərək 2027-ci il mövsümündə Formula 1-də çıxış edəcək.

Kamara aşağı kateqoriyalarda qazandığı çempionluqlarla diqqət çəkib. Braziliyalı pilot 2024-cü ildə Formula Regional Avropa çempionatını, 2025-ci ildə isə Formula 3 çempionluğunu qazanıb.

Hazırda Invicta komandasında çıxış edən Kamara Formula 2 çempionatının lideridir və Nikola Tsolovu 7 xal qabaqlayır. Çempionluğu qazansa, ardıcıl üç mövsümdə Formula Regional Avropa, Formula 3 və Formula 2 çempionatlarında qalib gələn ilk pilot olacaq.

Haas ilə çoxillik müqavilə imzalayan Rafael Kamara komandaya qoşulması barədə bunları deyib: “TGR Haas F1 Team-in Formula 1 pilotu olacağım üçün çox xoşbəxtəm. Bu, karyeramda mühüm addımdır. Mənə göstərdikləri etimada görə Cin Haasa və Ayo Komatsuya təşəkkür etmək istəyirəm.

Həmçinin illər ərzində inkişafıma töhfə verən və məni dəstəkləyən Scuderia Ferrari Sürücü Akademiyasına, bu yolda hər zaman yanımda olan ailəmə minnətdaram.

İndi diqqətimi bu yeni çağırışa mümkün qədər yaxşı hazırlaşmağa yönəltmişəm. Öyrənəcəyim çox şey var. Komanda ilə yaxından işləməyi, bolidi tanımağı və pilot kimi inkişafımı davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Haas-ın komanda rəhbəri Ayo Komatsu da gənc pilotun transferindən məmnunluğunu ifadə edib: “Rafael Kamara kimi gənc və olduqca istedadlı pilotla müqavilə imzaladığımız üçün həqiqətən həyəcanlıyam.

Onun aşağı kateqoriyalarda qazandığı uğurları sadalamağa ehtiyac yoxdur. Göstərdiyi performans son dərəcə təsirli olub. Formula 2-dəki debüt mövsümündə, xüsusilə Monako və Monreal kimi çətin mərhələlərdə keçirilən sıralanma turlarında nümayiş etdirdiyi sürət Rafaelin potensialını açıq şəkildə ortaya qoyur.

Portuqaliyada TPC proqramımız çərçivəsində bolidimizi idarə edərkən də özünü çox yaxşı tərəfdən göstərdi. Bolidə uyğunlaşmaq üçün çox vaxtı olmasa da, vəziyyətin öhdəsindən yüksək səviyyədə gəldi. O, bizə təkcə xam sürətini deyil, daha çoxunu nümayiş etdirdi.

Rafael özündən maksimum nəticə ala biləcəyi bir mühit yaratmağı bacarıb. Bu, həqiqətən təsiredicidir və onun tamamladığı dövrələr xüsusi idi. Bu fürsət hamımızı həyəcanlandırır. TGR Haas F1 Team olaraq onun istedadını inkişaf etdirmək və özünü göstərə bilməsi üçün şərait yaratmaq əzmindəyik.

Onun özünü rahat və dəstəklənmiş hiss edəcəyi, bacarıqlarını ən yüksək səviyyədə nümayiş etdirə biləcəyi bir mühit qurmaq istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et