Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-nin yeni mühərriki 10 at gücü qazandıracaq?

Ferrari-nin ikinci ADUO yeniləməsi ilə 10 at gücü qazanmağı hədəflədiyi bildirilir.

Mercedes W17 ilə yenidən zirvəyə qayıtmaq üçün böyük sərmayə qoyub və rəqiblərdən gələn iddialara görə, mövcud resursların əhəmiyyətli hissəsi güc qurğusunun ilk ADUO spesifikasiyasına ayrılıb.

Breklidə yerləşən komandanın bolidində Kanada Qran Prisindən bəri ciddi yeniləmə görülməyib. Növbəti böyük paketin Malayziyada təqdim olunması gözlənilir. Bu müddətdə rəqiblər isə çalışmalarını davam etdiriblər. Macarıstan və Zandfort  yarışlarında müxtəlif yeniləmələr təqdim olunub. Ferrari Monzada mühərrik inkişaflarını istifadə edəcək, McLaren isə Bakı üçün planlaşdırılan paket də daxil olmaqla yeniləmələr üzərində çalışır.

İddialara görə, W17-yə indiyə qədər gətirilən aerodinamik yeniləmələr Mercedes-in texniki heyətini tam qane etməyib. Əldə olunan qazanc gözləntilərdən bir qədər aşağı olub, simulyasiyalarla tras arasındakı korrelyasiya da hər zaman gözlənilən nəticəni verməyib.

Bunun ardından B planı işə salınıb. Bu plana əsasən, komanda Malayziyaya əhəmiyyətli yeniləmə paketi gətirəcək. Paketin böyük hissəsi artıq hazırlanıb, lakin onun istehsalı əvvəlcə dondurulmuşdu.

Hazırda ən böyük sual isə hələ də ADUO ilə bağlı qərardır. Əsas məsələ məhz burada ortaya çıxır: büdcə limiti Mercedes-in W17-ni inkişaf etdirməsinə mane olmayıb, lakin eyni anda bir neçə istiqamətdə reaksiya verməsini çətinləşdirib. Buna görə də Malayziya paketi mövsümün əvvəlində müəyyənləşdirilən planlarla müqayisədə strategiyada ilk real dəyişikliyi ifadə edəcək. Mühərrik tərəfində isə Breklinin öz planlarını nə dərəcədə dəyişməyə hazır olduğu hələlik məlum deyil.

Maranelloda yeni mühərrikin dözümlülük testləri tamamlanır və güc qurğusunun Monzada ilk yarışına çıxması artıq an məsələsidir. ADUO 2 spesifikasiyasında daha böyük turbokompressor və yeni kompressorla yanaşı, köməkçi komponentlərdə də müxtəlif təkmilləşdirmələr olacaq. Daha əvvəl bildirildiyi kimi, ən azı 10 at gücündə artım gözlənilir. Lakin əsas məqsəd güc qurğusunun səmərəliliyini artırmaq və turbokompressordan daha fərqli şəkildə istifadə etməkdir.

Bu yeni güc qurğularında qazanc yalnız birbaşa əlavə at gücündən ibarət olmayacaq. Mühərrikin işləmə xarakteri, bolidlə qarşılıqlı əlaqəsi və avtomobilin optimal işləmə diapazonunun bir qədər genişləndirilməsi də mühüm rol oynayacaq.

Daha böyük turbokompressora keçidin güc qurğusunun yüksək sürətlərdə səmərəliliyinə töhfə verməsi gözlənilir. Eyni zamanda mövcud arxitektura ilə problemlər yarada biləcək Meksika kimi traslarda da üstünlük təmin edə bilər. Bunun ilkin nümunəsi Avstriyada görülüb. Ferrari ADUO 1-ə baxmayaraq, soyutma ehtiyacları ilə mühərrik xəritələrindəki ehtiyatlı sazlamalar arasında balans yaratmalı olub. Hər şey planlaşdırıldığı kimi getsə, ADUO 2 spesifikasiyası ilk mərhələdə müştəri komandaları üçün də əlçatan olacaq.

Vokinqdə isə inkişaf çalışmaları davam edir. Zandfort üçün bolidin arxa hissəsi üzərində ciddi iş aparan McLaren bundan sonra da  yeniləmələr gətirəcək. Bakı Britaniya komandasının müəyyənləşdirdiyi proqramın əsas dayanacaqlarından biri olacaq.

İki fərqli yanaşma arasındakı fərq getdikcə daha aydın görünür. Bir tərəfdə, xüsusilə Antonelli ilə birlikdə özünü kifayət qədər aydın göstərən Mercedes-in güclü ümumi üstünlüyü var. Bu üstünlük komandaya mühərrik, aerodinamika və 2027-ci il layihəsi arasında resurs bölgüsünü hələ də böyük diqqətlə idarə etmək imkanı verir.

Digər tərəfdə isə Ferrari texniki inkişaf proqramını tempini azaltmadan davam etdirir. İtaliya komandası Monzaya ümumilikdə daha rəqabətədavamlı paketlə gəlməyi hədəfləyir. Bundan sonra payızda planlaşdırılan son yeniləmə paketi ilə mövcud inkişaf proqramının tamamlanması gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et