Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Sıralanma bizi geriyə saldı

Şarl Lekler Niderland Qran Prisində komanda yoldaşı Lyuis Həmiltonun arxasında beşinci yeri tutduqdan sonra Ferrari-nin yarış strategiyasını və pit-stop qərarlarını dəyərləndirib.

Ferrari pilotu Niderland Qran Prisində altıncı yerdən start götürərək yarışı beşinci pillədə başa vurub. Lyuis Həmilton isə yarışı dördüncü sırada tamamlayıb.

Monakolu sürücü Həmiltonun arxasında qalmasına görə məyus olmadığını, əsas problemin yarışdan əvvəlki uğursuz sıralanma nəticəsi olduğunu bildirib.

Şarl Lekler: “Lyuislə müqayisədə, əlbəttə, bir pillə geridə qaldıq, amma bu, komanda baxımından heç nəyi dəyişmir. Buna görə məyus deyiləm və bununla bağlı xüsusi bir hiss keçirmirəm.

Bu gün şansın elə də bizim tərəfimizdə olmadığını hiss etdim. Zamanlama bizim üçün ideal deyildi, ancaq vəziyyət bundan ibarətdir.

Yay fasiləsindən əvvəl iki-üç yarış ərzində şans bir qədər bizim tərəfimizdə idi. Bəzən medalın digər üzünü də görürsünüz. Bu gün mən də onu gördüm.

Nəticədə bu gün yarışı və daha yaxşı nəticəni dünənki uğursuz sıralanma turuna görə itirdik. Diqqətimizi yönəltməli olduğumuz əsas məqam da bu olmalıdır”.

Lekler yarışın ilk stintində güclü temp göstərdiyini və qarşısındakı bolidləri erkən pit-stopla geridə qoymaq üçün vaxtından əvvəl pitə girməli olduğunu bildirib: “İlk stintim çox yaxşı keçdi. Qarşımızdakı bolidlərə qarşı erkən pit-stop etməli oldum. Bəzən bu, komanda oyununun bir hissəsidir. Xüsusilə ilk stintdə bunun üçün bir qədər risk etməli olursunuz.

Lyuis ikinci stintdə çox güclü idi, amma yarış belə inkişaf etdi. Bəzən mən məyus olacağam, bəzən də Lyuis məyus olacaq. Vəziyyət bundan ibarətdir”.

28 yaşlı sürücü Mercedes komandasının pilotu Corc Rasseli pitə girməyə məcbur etməyə çalışdıqları zaman trasda daha uzun qalaraq Mercedes-ə qarşı təkər üstünlüyü yaratmağı planlaşdırdıqlarını açıqlayıb: “Corcu pitə girməyə məcbur etməyə çalışırdıq. O, pitə girəndə Lyuis də gəlirdi, ancaq iki dövrə sonra mənə pitə girməyim deyildi.

Mənim üçün əsas məqsəd Mercedes-ə qarşı təkər fərqi yaratmaq və yarışın sonunda güclü şəkildə geri qayıtmaq idi.

Bunu tam şəkildə həyata keçirə bilmədik. Buna görə də səbəbini araşdırmalıyıq”.

İtaliya Qran Prisi və Monza barədə danışan Lekler trasın kağız üzərində Ferrari üçün ideal görünmədiyini etiraf etsə də, ev yarışının komanda üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Monza üçün həyəcanlıyam. Kağız üzərində bizim üçün ən yaxşı tras kimi görünməsə də, Monzanın bizim üçün nə qədər xüsusi olduğunu nəzərə alsaq, ora getməyi səbirsizliklə gözləyirəm.

Bəli, Corcun pitə girməsi ilə tam olaraq istədiyimizi əldə etdiyimiz üçün bu qədər tez pitə çağırılmağım məni çox təəccübləndirdi.

Bu məqamda daha 5-10 dövrə trasda qalaraq təkər üstünlüyü yaratmaq və yarışın sonunda Corca qarşı geri qayıtmaq üçün uyğun zaman idi.

Təəssüf ki, iki dövrə sonra mənə pitə girməyim deyildi. Mən də bunu etdim. Düşünürəm ki, üç dövrə sonra pitə girməli idim”.

Rauf Hacıyev

Şərh əlavə et