Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Yaxşı zərbə idi

Təqvimdən çıxarılan Niderland Qran Prisi Maks Ferstappen üçün Zandfortun narıncı tribunaları qarşısında bəlkə də sonuncu rəqs demək idi.

Lakin niderlandlı pilotun doğma azarkeşləri qarşısındakı mübarizəsi gözləniləndən çox qısa çəkib.

Ferstappen startdan dərhal sonra Ferrari pilotu Lyuis Həmilton və komanda yoldaşı Liam Lousonla gərgin mübarizəyə qoşulub. Lakin ilk dövrənin son döngəsində yaş hissəyə düşərək yerində fırlanan dördqat Dünya Çempionu Zandfortla erkən və dramatik şəkildə vidalaşıb.

Yarışdan dərhal sonra jurnalistlərin qarşısına çıxan Maks Ferstappen əvvəlcə startda Həmilton və Lousonla yaşadığı mübarizəni dəyərləndirib: “Bəli, düşünürəm ki, startda baş verənlər tamamilə sağ tərəfdəki hadisələrin nəticəsi idi. Problem deyil, belə şeylər baş verə bilər.

Daha sonra isə hazırlıqsız yaxalandım. Həmin döngə hələ də kifayət qədər yaş idi. Tam quru trayektoriyanı gördüyüm anda ‘Yaxşı, artıq qazı basa bilərsən’ dedim. Amma görünür, bu, düzgün qərar olmayıb. Yəqin ki, hələ bir qədər tez idi”.

Qəzanın şiddəti barədə danışan niderlandlı pilot hadisəni belə təsvir edib: “Yaxşı zərbə idi, lakin bundan daha pis qəzalara da düşmüşəm… G qüvvəsinin göstəricisini heç soruşmadım. Sadəcə ‘Tibbi mərkəzə getməsəm olmaz?’ deyə soruşdum. Onlar da ‘Həddən aşağıdır, ona görə getməyə ehtiyac yoxdur’ dedilər”.

Həftəsonunun ümumi gedişatını və bolidin performansını dəyərləndirən Ferstappen sözlərini belə yekunlaşdırıb: “Ümumilikdə temp baxımından məyusedici həftəsonu oldu. Öndəki pilotlarla həqiqətən mübarizə apara bilmədik. Yəqin ki, ən çox məyus edən məqam da bu idi.

Əlbəttə, yarışda bir qədər daha çox şey edə bilmək istəyərdim. Ancaq göstərdiyimiz tempə baxanda bunun onsuz da çox mümkün olduğunu düşünmürəm.

Yenə də yarışmaq və yaxşı nəticə göstərmək istəyərdim. Ümid edirəm ki, Monzada bir qədər daha rəqabətədavamlı ola bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et