Zandfortdakı son yarışdan əvvəl havanın temperaturu 17, trasın temperaturu isə 30 dərəcə təşkil edirdi. Qızdırma dövrəsindən əvvəl yağış ehtimalı 60 faiz olaraq müəyyənləşdirilmişdi. Küləyin gücü isə orta səviyyədə idi.
Yay fasiləsindən sonrakı ilk yarışın həyəcanı ilə pilotlar qızdırma dövrəsinə başladılar. Bu zaman trasın bəzi hissələrinin yaş və nəm olduğu ekranlara əks olundu.
Qızdırma dövrəsinin ardından pilotlar startdakı yerlərini tutdular və işıqların sönməsi ilə 72 dövrəlik Niderland Qran Prisi başladı.
Poul mövqeyindən start alan Lando Norris ilk döngəyə lider daxil olaraq mövqeyini qorudu. Şarl Lekler ilk döngələrdəki mübarizədən yararlanaraq Oskar Piastrini geridə qoydu və dördüncü yerə yüksəldi.
İlk dövrənin sonuna yaxın böyük qəza baş verdi. Maks Ferstappen avtomobilinə nəzarəti itirərək sərt şəkildə baryerlərə çırpıldı. Niderlandlı pilotun avtomobili ciddi zədələndi və Ferstappen öz evindəki son yarışını ilk dövrədəcə başa vurdu.
Qabriel Bortoletto da yerində fırlandı, lakin onun avtomobilində hər hansı zədə yaranmadı.
Hadisədən sonra yarış qırmızı bayraqla dayandırıldı. Ferstappen avtomobildən çıxdı və onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirildi.
Qırmızı bayraq zamanı Lyuis Həmiltonun avtomobilinin sol tərəfində də kiçik zədə olduğu göründü. Mexaniklər xırda müdaxilələrlə zədəni aradan qaldırdılar.
Ferstappenin avtomobilindən qopan hissələr trasdan təmizləndikdən sonra təxminən 20 dəqiqə sonra yarışın davam etdiriləcəyi bildirildi. Qızdırma dövrəsi zamanı Oliver Bermanın avtomobilində problem yarandı və pilot onu saxlamağa məcbur oldu. Bu problem səbəbindən Berman da ikinci startdan əvvəl yarışdan çəkildi.
Bermanın probleminin ardından daha bir formasiya dövrəsinin keçirilməsinə qərar verildi.
Formasiya dövrəsindən sonra pilotlar yenidən start düzülüşündə yerlərini tutdular. Bu zaman Antonellinin əyləclərindən tüstü qalxdığı ekranlara əks olundu. İşıqların sönməsi ilə start verildi və yarış 66 dövrə üzərindən davam etdi.
İlk döngədə Antonelli ilə Norris arasında mübarizə yaşandı və Antonelli liderliyi ələ keçirdi. Piastri də Corc Rasseli geridə qoyaraq üçüncü yerə yüksəldi.
Sonrakı dövrələrdə Antonelli və Norris arxadakı pilotlardan uzaqlaşaraq mübarizəni öz aralarında davam etdirdilər. Norrislə Antonelli arasındakı fərq 0,7 saniyə olduğu halda, üçüncü pillədəki Piastri ilə Norris arasındakı məsafə təxminən 3,5 saniyəyə çatmışdı.
Franko Kolapinto sarı bayraq zamanı sürət həddini aşdığı üçün pitdən keçmə cəzası aldı.
Antonelli 7-ci dövrədə 1:16.681 nəticə göstərərək yarışın ən sürətli dövrəsini vurdu. Onun Norrislə arasındakı fərq bir qədər də artdı. Kolapinto cəzasını çəkmək üçün pitə daxil oldu.
10-cu dövrədə Antonelli Medium təkərlərlə Norrislə arasındakı fərqi 1,3 saniyəyə çatdırdı. Piastri ilə Norris arasındakı fərq isə təxminən 4 saniyəyə yüksəldi.
Rassel 18-ci dövrədə pitə daxil oldu və yarışa Niko Hülkenberqin arxasında, doqquzuncu yerdə qayıtdı. Növbəti dövrədə Hülkenberqi keçərək səkkizinci yerə yüksəldi. Qısa müddət sonra Piastrini də geridə qoyaraq yeddinci yerə çıxdı.
20-ci dövrəyə daxil olarkən Antonelli Norrisə olan fərqi təxminən 2 saniyəyə çatdırdı. Üçüncü yerdəki Leklerlə Norris arasındakı fərq isə 8,5 saniyə civarında idi.
21-ci dövrədə Lekler, Norris və Antonelli pitə çağırıldılar. Həmilton müvəqqəti olaraq liderliyə yüksəldi. Antonelli Həmiltondan təxminən 8 saniyə geridə trasa qayıtdı.
23-cü dövrədə Liam Louson Alonsonu keçərək səkkizinci yerə yüksəldi. Louson növbəti dövrədə Karlos Saynsı da geridə qoyaraq yeddinci yerə çıxdı.
25-ci dövrədə Antonelli Həmiltonla arasındakı fərqi 2,5 saniyəyə qədər azaltdı. Qısa müddət sonra Həmilton da pitə daxil oldu və komanda yoldaşı Leklerin arxasında, altıncı yerdə yarışa qayıtdı.
Sonrakı turlarda Sayns, Arvid Lindblad və Hülkenberq arasında 10-cu yer uğrunda mübarizə qızışdı. Lindblad Qaslinin qarşısını döngədə uğurla kəsərək mövqeyini qazandı. Qasli daha sonra Hülkenberqə də keçilərək daha bir yer itirdi və 12-ci yerə gerilədi.
28-ci dövrədə Yuki Tsunoda Qasli ilə mübarizədən qalib ayrılaraq bir pillə yüksəldi və komanda yoldaşının arxasında, 12-ci yerə yerləşdi.
Növbəti dövrədə Antonelli Norris ilə arasındakı fərqi 1 saniyəyə çatdırdı. Rassel isə Norrisi təxminən 7 saniyə geridən izləyirdi.
34-cü dövrədə Lekler Piastriyə qarşı manevr edərək döngədən əvvəl daxili xətti bağladı və uğurlu sürətlənmə ilə dördüncü yerə yüksəldi.
35-ci dövrədə Həmilton Piastrini geridə qoyaraq beşinci yerə yüksəldi. Piastri əvvəlcə onu yaxından izləsə də, Həmilton fərqi açaraq mövqeyini qorudu.
36-cı dövrədə Rassel Norrisi təxminən 8 saniyə geridən izləyirdi. Antonelli isə Norrisə olan fərqi 1,2 saniyəyə çatdırdı.
40-cı dövrədə Norris Antonelli ilə arasındakı fərqi 0,7 saniyəyə qədər azaltdı. Lekler də Rasselə yaxınlaşaraq onu 0,8 saniyə fərqlə izləməyə başladı.
41-ci dövrədə Antonelli pitə daxil oldu və Norris müvəqqəti olaraq liderliyə yüksəldi. Qısa müddət sonra komanda yoldaşı Rassell də pitə çağırıldı. Antonelli Həmiltonun arxasında, dördüncü yerdə trasa qayıtdı. Rassell isə Piastrinin arxasında, altıncı yerdə yarışa davam etdi.
42-ci dövrədə komanda yoldaşından yarım saniyə geridə olan Həmilton radiodan komandaya müraciət etdi: “Mən Şarldan daha sürətliyəm və təkərlərim daha yaxşı vəziyyətdədir”.
Həmiltonun mesajından sonra Lekler pitə çağırıldı. Lakin Ferrari pilotu bu qərara radioda etiraz etdi. Ancaq bir dövrə sonra pitə gələn Lekler Rasselin arxasında, altıncı yerdə trasa qayıtdı.
Həmilton Leklerin pitə gec çağırıldığını bildirərək komandaya “vaxt itirdik” deyə reaksiya verdi.
45-ci dövrədə Piastri pitə daxil oldu və Lousonun arxasında, yeddinci yerdə trasa qayıtdı. Həmin dövrədə Antonelli radiodan “Bono, sözün əsl mənasında heç bir ilişmə yoxdur” deyərək komandaya məlumat verdi.
46-cı dövrədə Piastri Lousonu keçərək bir pillə yüksəldi. 47-ci dövrədə Norris pitə daxil oldu və Həmilton yarış liderliyinə yüksəldi.
51-ci dövrədə Antonelli lider Həmiltonla arasındakı fərqi təxminən 1,5 saniyəyə qədər azaltdı. Antonelli avtomobilində ilişmənin azaldığını bir daha bildirdi. Üçüncü yerdəki Norris isə fərqi yarım saniyəyə qədər bağladı.
53-cü dövrədə Norris və Antonelli arasındakı mübarizə daha da qızışdı. Antonelli bütün dövrə ərzində uğurlu müdafiə olunaraq Norrisi arxasında saxlamağı bacardı. Lakin növbəti dövrənin ilk döngəsində Norris xarici trayektoriyadan etdiyi manevrlə Antonellini geridə qoyaraq ikinci yerə yüksəldi.
Norris qısa müddət sonra Həmiltonu da geridə qoyaraq liderliyə yüksəldi. Eyni dövrədə Antonelli də Həmiltonu keçdi. Esteban Okon avtomobilində yaranan problem səbəbindən yarışını başa vurdu və virtual təhlükəsizlik avtomobili trasa çıxdı.
Virtual təhlükəsizlik avtomobili rejimində Həmilton komandaya reaksiya verərək “Tam olaraq nə vaxt pit etməyi düşünürsünüz?” deyə soruşdu. Bu reaksiyanın ardından Ferrari əvvəlcə Həmiltonu, daha sonra isə Lekleri pitə çağırdı. Piastri və Antonelli də pitə daxil oldular. Antonellinin pitə girməsi ilə Rassel ikinci yerə yüksəldi.
57-ci dövrədə virtual təhlükəsizlik avtomobili rejimi dayandı və yarış yenidən davam etdi.
65-ci dövrədə Valtteri Bottas avtomobilindəki problem səbəbindən pitə çağırıldı və yarışdan çəkildi.
Yarışın sonuna yaxın, 67-ci dövrədə Norris Antonelli ilə arasındakı fərqi 11 saniyəyə qədər artırdı. Üçüncü yerdəki Rassel isə təxminən yarım saniyə geridə olan Həmiltonla podiumun son pilləsi uğrunda mübarizə aparmağa başladı.
Həmilton bir neçə dövrə ərzində Rasseli yaxından izləsə də, ötmə üçün imkan tapa bilmədi. 69-cu dövrədə ilk döngədə daxili trayektoriyadan hücuma keçməyə çalışdı, lakin Rassel trayektoriyasını qoruyaraq, mövqeyini saxladı.
Antonelli radioda avtomobildə qəribə bir vəziyyət olduğunu bildirdi.
70-ci dövrədə Sayns və Albon arasında baş verən təmas nəticəsində trasda qalan hissələrin təmizlənməsi üçün virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olundu. Qısa müddət sonra yarış yenidən tam sürətlə davam etdi.
Rassel yarışın sonuna qədər uğurlu müdafiə olunaraq podiumun son pilləsindəki yerini qorudu.
Damalı bayrağın dalğalanması ilə Lando Norris sonuncu Niderland Qran Prisində qalib oldu, Andrea Kimi Antonelli ikinci, Corc Rassel isə üçüncü yeri tutdu.




Şərh əlavə et