Xəbəri Kokpitdə Oxuyun!

Alonso və Stroll çox əsəbidirlər

Aston Martin Niderland Qran Prisi həftəsonuna Honda-nın yenilənmiş güc qurğusu ilə başlasa da, Zandfortda əldə olunan nəticələr gözləntilərdən xeyli uzaq qaldı.

Sıralanma turlarında hər iki pilotun Q1-də mübarizəni dayandırmasının ardından Ləns Stroll və Fernando Alonso yeni güc qurğusunun performansını və idarəolunmasını tənqid ediblər.

Sıralanma turunu 19-cu yerdə tamamlayan Ləns Stroll avtomobilin şassi baxımından yaxşı vəziyyətdə olduğunu, əsas problemin isə güc qurğusunda yarandığını bildirib: “Yeniləmənin müəyyən qədər faydası ola bilər, amma bu, qətiyyən kifayət deyil. Şassi baxımından kifayət qədər yaxşı vəziyyətdəyik. Budapeştdə bu sahədə böyük addım atdıq. Amma hazırda əsas diqqət yetirməli və inkişaf etdirməli olduğumuz məsələ güc qurğusunun gücü və idarəolunmasıdır.

Sürüş hissiyyatı heç yaxşı deyil, tamamilə lotereyadır. Döngəyə daxil olarkən sabit mühərrik əyləcinə sahib ola bilmirik və pillələri aşağı salarkən daim problemlərlə üzləşirik. Çox problemimiz var”.

Sessiyanı 18-ci yerdə tamamlayan Fernando Alonso isə Q1-də liderlə aralarındakı təxminən bir saniyəlik fərqə diqqət çəkərək problemin həllinin yalnız bazadan gələ biləcəyini deyib: “Təəssüf ki, burada, trasda edə biləcəyimiz başqa bir şey yoxdur. Bazada hazırlanacaq böyük yeniləmələrə, proqram təminatındakı dəyişikliklərə və ya nə lazımdırsa, ona güvənməliyik.

Bu həllər Yaponiya yarışına gəlməlidir. Ona görə də bunu bu gündən sabaha həll etmək mümkün deyil. Paketimizdə çatışmayan bir  neçə saniyəni qazanmaq üçün növbəti addımı Monzaya qədər hazır etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et