Formula 1 pilotlarının hər mövsüm istifadə edə biləcəyi güc qurğusu komponentlərinin sayı məhduddur. Bu limitin aşılması halında pilotlar startda yer itirmə cəzası ilə üzləşirlər.
Bu mövsüm bəzi pilotlar müəyyən edilmiş güc qurğusu komponenti limitini artıq keçdikləri üçün indidən belə cəzalar alıblar. Mövsümə güclü başlayan Mercedes isə indiyədək bu cəzalardan kənarda qalıb.
Lakin Antonelli və komanda yoldaşı Corc Rassel güc qurğusu komponentləri üzrə limitə çatmaq üzrədir. Antonelli gələn ay Monzada cəzanı çəkməyi planlaşdırdığını açıqlayıb.
İtaliyalı pilot La Gazzetta dello Sporta açıqlamasında belə deyib: “Bunu Monzada edəcəyik. Orada ötmə etmək ən asan olan traslardan biridir”.
Yer itirmə cəzası Antonellinin ev yarışında qələbə şansını ciddi şəkildə azaltsa da, gənc pilot qərarın çempionluq mübarizəsi nəzərə alınaraq verildiyini vurğulayıb. Antonelli hazırda çempionatın lideridir və 50 xallıq üstünlüyə sahibdir.
Kimi Antonelli: “Düzdür, bu mənim ev yarışım olacaq, amma hazırda daha çox çempionluq barədə düşünürəm.
Mövsümün hansısa mərhələsində onsuz da cəza almalı olacağıq. Ona görə də mövqelər qazanmaq və yaxşı nəticə əldə etmək baxımından özüm üçün ən yaxşı fürsəti harada yarada biləcəyimi dəyərləndirməliyəm.
Bu səbəbdən Monza cəza çəkmək üçün siyahının mütləq ən üstündədir. Buna baxmayaraq, azarkeşlərimizin qarşısında yaxşı yarış keçirmək üçün arxadan başlayıb mövqelər qazanmağa çalışacağıq”.




Şərh əlavə et