Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Bu yay tətili fərqli oldu

Lyuis Həmilton yay fasiləsindən sonra özünü “heç vaxt olmadığı qədər formada” hiss etdiyini bildirib.

Ferrari pilotu Niderland Qran Prisi öncəsi Maks Ferstappenin Red Bull ilə müqaviləsini uzatmasından, Ferrari-nin mövsüm ərzində inkişafından, öz performansından və Zandfortda ilk Formula 1 qələbəsini qazanmaq istəyindən danışıb.

Britaniyalı sürücü əvvəlcə Ferstappenin 2030-cu ilə qədər Red Bull-da qalmaq qərarına təəccüblənmədiyini deyib: “Əslində bu barədə çox düşünməmişdim, ona görə də xeyr, o qədər də təəccüblənmədim.

Düşünürəm ki, o, əla komandanın üzvüdür. Onlarla çox, çox uzun müddətdir birlikdədir. Komanda daim daha da güclənir. Həqiqətən işləmək və olmaq üçün əla yerdir. İnsan həmişə özünü rahat hiss etdiyi yerdə qalmağın asan olduğunu deyir. Bu, onun seçimidir və pis seçim deyil”.

Mövsümün ilk yarısında Ferrari-nin əldə etdiyi irəliləyişi dəyərləndirən Həmilton, Mercedes-in də mövsüm ərzində mühüm addımlar atdığını və komanda daxilində iş prinsiplərinin inkişaf etdiyini bildirib: “Avtomobilimizi təkmilləşdirməyə davam etməliyik. Mütləq inkişaf etdirməli olduğumuz çoxlu sahə var, ancaq uzun bir yol qət etmişik. Mövsüm ərzində atdığımız addımlarla həqiqətən fəxr edirəm.

Yeni qaydalar bütün komandalar üçün böyük sınaq oldu. Təbii olaraq hamı səhvlər etdi. Biz isə sadəcə inkişafa davam etməliyik. Komandadakı hər kəsin motivasiyası çox yüksəkdir və hamı tamamilə diqqətini işə yönəldib. Komandada bu qədər böyük inam görmək həqiqətən əladır. Davamlı olaraq performans əlavə edir və avtomobili təkmilləşdirməyə davam edirik.

Düşünmürəm ki, komandadan daha artığını istəyə bilərəm. Sadəcə mövsümün ikinci yarısında hər şeyi daha yaxşı həyata keçirməyə çalışmalıyıq”.

Ötənilki Niderland Qran Prisi ilə müqayisədə özünü daha sürətli və daha xoşbəxt hiss etməsinin səbəbləri barədə danışan Həmilton bunun bir amillə bağlı olmadığını vurğulayıb: “Bu, bir çox şeyin birləşməsidir. Avtomobildə çox dəyişiklik etdik. Söhbət yalnız bir şeydən getmir, bütün tapmacanın hissələrindən gedir. Biz çox şeyi dəyişdirdik. Mühəndislikdən tutmuş proseslərə qədər əksər sahələrdə dəyişiklik oldu və artıq daha yaxşı vəziyyətdəyik. Hazırda əla əməkdaşlığımızın olduğunu düşünürəm.

Bir-birimizlə eyni tempi tutmağımız təxminən bir il çəkdi, ancaq artıq bunu bacardığımızı düşünürəm. Məncə, nəhayət düzgün formulu tapmışıq. İndi bunun üzərində daha çox işləyir və inkişaf etməyə davam edirik”.

Həmilton karyerası ərzində bu dəfəki yay fasiləsinin digərlərindən tamamilə fərqli olduğunu bildirib: “Formula 1-də bütün karyeram ərzində keçirdiyim ən fərqli yay fasiləsi idi. Adətən bir-iki həftəlik uzaqlaşırsınız. Bir az əylənirsiniz və buna bənzər şeylər olur. Mən isə bunu həqiqətən özümü daha yüksək səviyyəyə çatdırmaq üçün fürsət kimi gördüm. Üç həftə ərzində məşq etdim.

Burada keçirdiyim təxminən 20 il ərzində yay fasiləsindən heç vaxt bu qədər formada qayıtmamışdım. Özümü tamamilə yenilənmiş hiss edirəm. Bu, fərqli bir hissdir. Sadəcə dincəlmiş deyil, enerjili hiss edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et