McLaren 2026-cı il mövsümünün yay fasiləsindən əvvəlki son yarışı olan Macarıstan Qran Prisində qələbə qazanıb.
Niderland Qran Prisi öncəsi danışan avstraliyalı sürücü Zandfort trasının xüsusiyyətlərinin bəzi məqamlarda Macarıstandakı Hunqarorinqə bənzəməsinin McLaren üçün ümidverici olduğunu deyib.
Oskar Piastri: “Bu həftəsonu yarışacağımız tras döngələrdəki sürət və döngələrin xarakteri baxımından Macarıstana bənzəyir. Bu həftəsonu bizim bir neçə yeniliyimiz də var. Əminəm ki, digər komandalar da bu həftəsonu və ya qarşıdakı bir neçə həftə ərzində yeniləmələr gətirəcəklər. Nələrin baş verəcəyini görəcəyik”.
Zandfortun hələlik sonuncu dəfə Formula 1 yarışına ev sahibliyi edəcək olması və pilotların sevimli traslarından biri sayılması barədə danışan Piastri onun təqvimdən çıxarılmasının məyusedici olduğunu bildirib: “Bəli, məyusesici olacaq. Sürüş baxımından bütün mövsüm ərzində sahib olduğumuz ən yaxşı traslardan biridir.
Etiraf etmək lazımdır ki, yarış baxımından bəlkə də ən həyəcanverici tras deyil. Hətta logistika baxımından da Formula 1 üçün kifayət qədər kiçikdir”.
Piastri Formula 1 yarışını qəbul etmək istəyən çoxsaylı ölkələrin olduğunu və təqvim hazırlanarkən balansın qorunmasının vacibliyini vurğulayıb: “Balans yaratmaq lazımdır. Formula 1 yarışı keçirmək istəyən çox sayda ölkə var. Biz pilotlar baxımından yanaşanda, tarixi traslar yəqin ki, yarışmaq üçün ən zövqlü olanlardır.
Son illərdə bir neçə yaxşı yeni tras da təqvimə əlavə olunub. Amma ümumilikdə ən çox zövq aldığımız traslar köhnə traslardır. Ona görə də gələcəkdə buranı İmola və ya Spa əvəz edəcəksə, bundan olduqca məmnun olaram”.
Maks Ferstappenin 2030-cu ilə qədər Red Bull-da qalacağı açıqlanandan sonra Piastridən onun da 10-15 il sonra hələ də McLaren-da olub-olmayacağı soruşulub. Avstraliyalı pilot isə bunun hazırda düşünmək üçün çox uzun müddət olduğunu bildirib: “15 il? Əmin deyiləm. Bu, çox uzun müddətdir.
Ancaq karyerama və indiyə qədər gəldiyim nöqtəyə baxanda, karyeramın ilk üç ilində iki dəfə Mühəmdislər Çempionluğunu qazanmaq, bir dəfə Pilotlar Çempionluğu uğrunda mübarizə aparmaq, həmçinin yarış və sprint qələbələri qazanmaq imkanım olub.
McLaren mənə indidən inanılmaz bir fürsət verib. Ona görə də olduğum yerdən çox məmnunam. Nəticə etibarilə onlar mənim üçün çox şey ediblər və aramızda əla münasibət var.
Sonda uğur qazanmaq üçün mümkün olan ən yaxşı yerdə olmaq istəyirsiniz. Hazırda bunun üçün McLaren-in qətiyyən ən yaxşı yer olduğunu düşünürəm”.
Ötənilki nəticələri nəzərə alaraq McLaren-in bu həftəsonu Zandfortda qələbə qazanmaq şansının olub-olmadığı soruşulan Piastri Macarıstan Qran Prisinin komandaya ciddi özünəinam verdiyini deyib: “Macarıstan olmasaydı, bunun çətin olacağını deyərdim.
Lakin Macarıstan bizə göstərdi ki, heç vaxt həddindən artıq ön mühakimə ilə yanaşmaq olmaz. Ona görə də ümid edirəm ki, rəqabətədavamlı ola biləcəyik. Şübhəsiz ki, yarışı qazanmaq şansımızın olduğunu düşünürəm”.




Şərh əlavə et