Son yarışlarda rəqiblərindən geri qalmalarını və inkişaf mübarizəsində vəziyyətin necə dəyişdiyini dəyərləndirən italyan sürücü, Mercedes-in mövsümün sonrakı hissəsində böyük yeniləmə paketi gətirəcəyini açıqlayıb
Kimi Antonelli: “McLaren-in bu qədər güclü çıxış edəcəyini gözləyirdik. Çünki onlar bütün komandalar arasında yeniləmələrini ən çox gecikdirən tərəf oldular.
McLaren bu həftəsonu da yeniliklər gətirir və böyük ehtimalla ən güclü rəqibimiz olacaq. Ferrari-nin yeni altlığı var, Red Bull-da isə Maksı heç vaxt diqqətdən kənarda saxlamaq olmaz.
Biz isə Kanada Qran Prisindən bəri avtomobilə performans yeniləməsi gətirməmişik. Bu, kifayət qədər uzun müddətdir.
Ancaq mövsümün sonrakı yarışlarında böyük yeniləmə paketi gözləyirik və bunun bizə yenidən üstünlük qazandıracağına inanıram.
Hələ də əlimizdə əla avtomobil var. Sadəcə rəqiblər yeniləmələr gətirərkən bizim gözləməli olmağımız Budapeşt kimi yarışlarda geri qalmağımıza səbəb oldu.
Hazırda əsas məqsədimiz əlimizdəki paketdən maksimum performans almaqdır”.
Zandfortda gözlənilən yağışlı havanın yeni nəsil avtomobillərlə daha çətin olacağını vurğulayan gənc pilot belə danışıb: “Bu avtomobillərlə yağışda sürmək çox çətin olacaq.
Havanın temperaturunun aşağı olması və küləyin çox güclü əsməsi vəziyyəti daha da çətinləşdirir. Bu mövsüm yeni keçid və ya güclü yağış təkərlərini heç sınaqdan keçirməmişəm. Amma digər pilotlardan eşitdiyimə görə, əsas problem təkərləri düzgün işləmə diapazonuna gətirmək və qızdırmaqdır.
Hazırkı avtomobillərdə asfaltayatma qüvvəsi daha az olduğundan təkərlərə enerji ötürmək və onları qızdırmaq son dərəcə çətindir. Xüsusilə ilk dövrələrdə tras çox sürüşkən və təhlükəli olacaq.
Bundan əlavə, bu qədər yüksək elektrik gücünə malik mühərriklərlə yaş trasda yaxşı ilişmə əldə etmək heç də asan olmayacaq. Biz hər ssenariyə hazır olmağa çalışacağıq”.




Şərh əlavə et