Mövsümün ikinci yarısına daxil olarkən avtomobilin zəif tərəflərini artıq aydın şəkildə müəyyənləşdirdiklərini bildirən monakolu sürücü inkişaf proqramının planlaşdırıldığı kimi davam etdiyini vurğulayıb.
Şarl Lekler: “Mövsümün ilk yarısında bizi ən çox çətin vəziyyətə salan məqamların nələr olduğu çox aydındır.
Mercedes və Red Bull-un güc qurğuları ilə müqayisədə hazırda ən çox geri qaldığımız sahə mühərrik və malik olduğumuz gücdür.
Bütün diqqətimizi bu sahəyə yönəltmişik. Amma mühərriklə yanaşı, şassi və aerodinamika üzərində də müxtəlif layihələr üzərində işləyirik. İnkişaf proqramımız əvvəlcədən müəyyənləşdirilib. Hansı yönə getmək istədiyimizi bilirik və bu, bizim üçün çox müsbət haldır.
Əvvəlki avtomobillərdə olduğu kimi, bu il altlığın yerə həddindən artıq yaxın olması və ya aerodinamik boruda əldə etdiyimiz məlumatlarla trasdakı göstəricilərin üst-üstə düşməməsi kimi xoşagəlməz sürprizlərlə qarşılaşmadıq. Bu, avtomobilə gətirmək istədiyimiz yeni hissələrin gələcəyi baxımından son dərəcə sevindiricidir”.
Ferrari komandasının pilotu yalnız avtomobilin inkişafının deyil, yarış həftəsonlarının mümkün qədər qüsursuz idarə olunmasının da nəticələrə ciddi təsir etdiyini bildirib və detallara diqqət yetirməyin vacibliyini vurğulayıb: “Son həftəsonuna nəzər saldıqda, komanda olaraq əməliyyat baxımından daha yaxşı iş görə bilərdik.
Bu il yarışların idarə olunması və qərarların icrası əvvəlkindən daha kritik əhəmiyyət daşıyır. Planlaşdırmada və ya həftəsonunun idarə edilməsində buraxdığınız ən kiçik səhv belə çox böyük nəticələrə səbəb olur.
Mövsümün ilk yarısını təhlil etdikdə bütün komandaların xal itirdiyini gördük. Bunun əsas səbəbi bu avtomobillərin optimal işləmə diapazonunu müəyyənləşdirməyin son dərəcə mürəkkəb olmasıdır.
Komanda olaraq ən çox diqqət yetirdiyimiz məsələ mövsümün ikinci yarısında yarış həftəsonlarını mümkün qədər qüsursuz idarə etməkdir”.




Şərh əlavə et