Liam Louon bu həftəsonu Racing Bulls əvəzinə Red Bull üçün yarışacaq. Yuki Tsunoda isə qardaş komandada Yeni Zelandiyalı pilotu əvəz edəcək.
Red Bull Motorsport.com-a göndərdiyi açıqlamada vəziyyəti təsdiqləyib: “Oracle Red Bull Racing pilotu Ayzek Hacar yay fasiləsi zamanı biləyindən zədə alıb və bu zədə onun 2026-cı il Niderland Qran Prisində yarışmasına mane olacaq.
Bu həftəsonu RB22-nin sükanı arxasında Hacarı əvəz edəcək Liam Lousonu yenidən komandamızda görəcəyik.
Komanda olaraq Ayzekə tezliklə sağalmasını arzulayır və qısa müddətdə bu vəzifəni üzərinə götürməyə razılaşdığı üçün Liama təşəkkür edirik”.
Racing Bulls isə Motorsport.com-a açıqlamasında belə bildirib: “Pilot dəyişikliyinin nəticəsi olaraq ehtiyat pilot Yuki Tsunoda bu həftəsonu Zandfortda Arvid Lindblad ilə birlikdə Racing Bulls üçün yarışacaq.
Komandalar həftəsonuna hazırlaşarkən göstərdikləri uyğunlaşma bacarığına görə həm Liama, həm də Yukiyə təşəkkür edir və Ayzekə tezliklə sağalmasını arzulayırıq”.
Louson ötən il Red Bull ilə iki Qran Pri startına çıxıb, lakin mövsümün ilk iki yarışındakı performansından sonra yenidən Racing Bulls-a göndərilmişdi.
Tsunoda Lousonun yerinə Red Bulla çağırılsa da, yapon pilot da çətin dövr keçirib və mövsümün sonunda yerini Hacara verib.
Bununla belə, Tsunoda Red Bull ailəsində ehtiyat pilot kimi saxlanılıb və bu il bir çox yarış həftəsonunda komandanın yanında olub.
Lousonun bu həftəsonu Red Bull üçün yarışması onun Racing Bulls ilə güclü mövsüm keçirdiyi bir vaxta təsadüf edir. Yeni Zelandiyalı pilot bu mövsüm indiyədək səkkiz dəfə xal qzanmağı bacarıb.




Şərh əlavə et