Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Almaniya: Markes rekordla poul qazanıb

MotoGP üzrə Almaniya Qran Prisinə poul mövqeyindən start verəcək sürücü Mark Markes olub.

Start siqnalının verilməsi ilə sürücülər trasa çıxıb və 15 dəqiqəlik Q1 sessiyası başlayıb.

Q1

Q1-in ilk sürətli dövrələrində Françesko Banyaya 1:19.959 nəticə ilə liderliyə yüksəlib. Joan Mir liderdən cəmi 0.034 saniyə geri qalaraq ikinci pillədə qərarlaşıb. Sürətli dövrələrdən sonra hər iki sürücü pitə qayıdıb.

Sonrakı dəqiqələrdə sürücülər motosikletlərin sazlanmasını optimallaşdırmaq üçün bir neçə dövrə vurublar. İlk beş dəqiqə tamam olduqda bütün sürücülər yenidən pitə dönüblər.

Sessiyanın bitməsinə təxminən yeddi dəqiqə qalmış sürücülər yenidən trasa çıxıblar. Bir neçə isinmə dövrəsindən sonra nəticələr yaxşılaşmağa başlayıb. Banyaya 1:19.753 nəticə ilə öz vaxtını yeniləyib. Dioqo Moreyra da güclü temp nümayiş etdirsə də, Joan Miri keçə bilməyərək üçüncü pilləyə yüksəlib.

Fabio Quartararo 1:19.864 nəticə ilə ikinci yerə çıxıb. Üçüncülüyə enən Joan Mir yaxşı temp tutsa da, üçüncü sektorda vaxt itirdiyi üçün nəticəsini yaxşılaşdıra bilməyib.

Luka Marini də güclü dövrə vurarkən son sektorda problem yaşayaraq vaxtını inkişaf etdirə bilməyib.

Sessiyanın başa çatmasına təxminən iki dəqiqə qalmış təmsilçimiz Toprak Razqatlıoğlu 1:20.765 nəticə ilə 9-cu pillədə qərarlaşıb. Toprak son sürətli cəhdlərini yarımçıq saxlayaraq sessiyanın sonuna yaxın pitə qayıdıb.

Luka Marini bütün sektorları yaxşı keçsə də, son hissədə temp itirərək 1:19.998 nəticə ilə dördüncü olub.

Q1-in son anlarında heç bir sürücü nəticəsini yaxşılaşdıra bilməyib və Françesko Banyaya ilə Fabio Quartararo Q2-yə yüksəlib.

Q2

Q2 başlayandan sonra Mark Markes ilk cəhdində 1:19.567 nəticə ilə liderliyə yüksəlib. Lakin Fabio Di Cannantonio buna dərhal cavab verərək 1:19.542 nəticə ilə ilk pilləni ələ keçirib.

Sessiyanın ilk beş dəqiqəsi tamam olmamış Marko Bezzekki motosikletinə nəzarəti itirərək çox sərt qəza keçirib və çınqıl zonasına çıxıb. Bir müddət ayağa qalxa bilməyən italiyalı sürücü daha sonra marşalların köməyi ilə paddoka aparılıb. Hadisədən sonra qısa müddətlik sarı bayraqlar göstərilib.

Raul Fernandes 1:19.262 nəticə ilə liderliyə yüksəlib.

Sessiyanın yeddinci dəqiqəsində yeni təkərlərlə trasa qayıdan Mark Markes 1:19.351 nəticə ilə ikinci yerə yüksəlib.

Bitməsinə təxminən beş dəqiqə qalmış Fabio Di Cannantonio 1:19.118 nəticə ilə yenidən lider olub. Ardınca daha bir sürətli dövrə vursa da, 1:19.256 nəticə ilə vaxtını yaxşılaşdıra bilməyib.

Ai Oqura 1:19.348 nəticə ilə üçüncü pilləyə yüksəlib. Daha sonra Mark Markes 1:19.041-lik rekord dövrə vuraraq yenidən zirvəyə qayıdıb. Fabio Quartararo isə Yamaha-nı maksimum həddə qədər zorlayaraq 1:19.383 nəticə əldə etsə də, yalnız altıncı ola bilib.

Q2-nin son cəhdlərində ikinci yerdə olan Aleks Markes vaxtını yaxşılaşdıra bilməyib. Beləliklə, damalı bayraq dalğalandıqdan sonra Mark Markes poul mövqeyinin sahibi olub. Aleks Markes ikinci, Fabio Di Cannantonio isə üçüncü yeri tutub.

 

Rauf Hacıyev

Şərh əlavə et