Zaksenrinqdə ilk sərbəst yürüşdən əvvəl havanın temperaturu 19°C, asfaltın temperaturu isə 30°C ölçülüb.
Həftəsonunun ilk sessiyası üçün yaşıl bayraqlar göstərildikdən sonra sürücülər trasa çıxmağa başlayıblar.
Sessiyanın elə əvvəlində sarı bayraqlar dalğalanıb. Ekranlarda Kal Kraçlounun texniki nasazlıq səbəbindən motosikletini tras kənarında saxladığı göstərilib.
Bir neçə dəqiqə sonra isə 3-cü döngədə Mark Markes qəzaya uğrayıb. İspaniyalı sürücü ayağa qalxaraq boksa qayıtmağı bacarıb.
İlk 10 dəqiqə geridə qaldıqda Aleks Markes 1:21.002 nəticə ilə protokola başçılıq edib. Fabio Di Cannantonio ikinci pilləyə yüksəlib. Bu vaxt Toprak Razqatlıoğlu 20-ci yerdə qərarlaşıb.
Qəzadan sonra trasa qayıdan Mark Markes 1:20.880 nəticə göstərərək liderliyi ələ keçirib.
Dövrə vaxtları uzun müddət ciddi şəkildə dəyişməyib. Sessiyanın bitməsinə 10 dəqiqə qalmış Franko Morbidelli də 3-cü döngədə qəzaya uğrayıb.
Mark Markes son 4 dəqiqəyə qədər lider qalsa da, damalı bayraq dalğalandıqdan sonra Raul Fernandes 1:20.829 nəticə ilə ilk pilləyə yüksəlib və sessiyanı lider tamamlayıb.
Mark Markes ikinci, Fabio Di Cannantonio isə üçüncü yeri tutub.
Joan Mir dördüncü olub. Toprak Razqatlıoğlunun komanda yoldaşı Cek Miller beşinci yeri tutub. İlk altılığı isə Aleks Markes tamamlayıb.




Şərh əlavə et