Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen McLaren-ə keçməyə yaxındır

Paddokda yayılan iddialara görə, Maks Ferstappen Red Bull-dan ayrılaraq McLaren-ə keçmək variantını ciddi şəkildə dəyərləndirir.

Maks Ferstappenlə bağlı ortaya atılan yeni iddialara əsasən, niderlandlı pilot Red Bull-dan ayrılaraq McLaren-ə transfer olmağa çox yaxındır.

Bir neçə padok mənbəsinin məlumatına görə, Ferstappenlə McLaren arasındakı danışıqlar son mərhələyə çatıb və hazırda mümkün müqavilənin son detalları müzakirə olunur.

Bununla belə, qeyd etmək lazımdır ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Nə Red Bull, nə də McLaren tərəfi bununla bağlı hər hansı açıqlama verib.

Silverstounda arxa qanad nasazlığı səbəbindən xal qazana bilməyən Ferstappenin yay fasiləsinə qədər pilotlar çempionatında ilk iki pilləyə yüksəlmək şansı riyazi baxımdan aradan qalxıb. Padokda uzun müddətdir müzakirə olunan iddiaya görə, onun müqaviləsindəki çıxış maddəsi məhz yay fasiləsindəki çempionat sıralamasından asılı olaraq qüvvəyə minə bilər.

Bu maddə aktivləşərsə, Ferstappen 2028-ci ilin sonuna qədər Red Bull ilə müqaviləsi olmasına baxmayaraq, başqa komandalarla sərbəst danışıqlar aparmaq hüququ əldə edəcək.

İddialara görə, Ferstappen iyun ayında Red Bull-un Avstriyadakı bazasında şirkətin əsas səhmdarları ilə görüş keçirib. Görüşdə avstriyalı səhmdar Mark Mateşiç və taylandlı əsas səhmdar Çalerm Yuvidhya da iştirak ediblər.

Məlumata əsasən, Red Bull Ferstappenin müqaviləsindəki çıxış maddəsini ləğv etmək üçün ona yeni müqavilə təklif edib. Lakin niderlandlı pilot bu təklifi qəbul etməyib.

İddialara görə, Mark Mateşiç Ferstappenlə yolların ayrılmasının tərəfdarıdır. Red Bull-un baş icraçı direktoru Oliver Mintslaff isə ulduz pilotu ən azı 2030-cu ilə qədər komandada saxlamaq istəyir.

Mənbələrin bildirdiyinə görə, tərəflər arasındakı əsas fikir ayrılığı qarşılıqlı etimad və sədaqət məsələsidir.

Red Bull hesab edir ki, Ferstappenə illərdir geniş azadlıq verilib və yüksək maaş ödənilib. Buna görə də komandaya daha böyük bağlılıq gözlənilir.

Ferstappen tərəfi isə Kristian Hornerin vəzifədən ayrılmasından sonra həyata keçirilən idarəetmə dəyişikliklərinə baxmayaraq, komandaya olan etimadını böyük ölçüdə itirib.

Bundan əlavə, texniki heyətdə baş verən ayrılıqların da Ferstappenin qərarına təsir etdiyi bildirilir. 2016-cı ildən etibarən formalaşan komandanın dağılması niderlandlı pilotun gələcəyi ilə bağlı düşüncələrinə təsir edən əsas amillərdən biri kimi göstərilir. Bu səbəbdən McLaren variantının getdikcə daha real göründüyü iddia olunur.

Mümkün transfer baş tutacağı təqdirdə, komandadakı yerini itirəcək pilotun Oskar Piastri olacağı ehtimal edilir.

Son Dünya Çempionu Lando Norrisin komanda daxilində mövqeyinin möhkəm olduğu bildirilir. Silverstoundan sonra çempionatda altıncı pilləyə geriləyən Piastrinin isə müqaviləsindəki bəzi seçim bəndlərinə görə daha həssas vəziyyətdə olduğu iddia edilir.

Paddok mənbələrinin məlumatına görə, Ferstappenlə McLaren arasındakı danışıqlar əhəmiyyətli dərəcədə irəliləyib və tərəflər ilkin mərhələdə üçillik müqaviləyə çox yaxındırlar.

Hətta bəzi mənbələr iddia edirlər ki, Ferstappen yekun qərarını verərsə, Red Bull bu həftə pilot heyəti ilə bağlı rəsmi açıqlama verməyə hazırlaşır.

Rauf Hacıyev

Şərh əlavə et