Xəbəri Kokpitdə Oxuyun!

Montsada gələn ildən etibarən sprint yarışı keçiriləcək

Bu gün Milanda məşhur “La Skala” teatrında qarşıdan gələn İtaliya Qran Prisinin mədəni proqramının rəsmi təqdimatı keçirilib. Tədbirdə İtaliya Avtomobil Klubunun (ACI) prezidenti Ceronimo La Russa təsdiqləyib ki, gələn ildən etibarən Monzada keçiriləcək həftəsonunun proqramına sprint yarışı da daxil ediləcək.

«Razılığa gəlmişik ki, gələn ildən başlayaraq üç il ərzində bizdə şənbə sprinti keçiriləcək», – deyə o bildirib.

Bununla bağlı daha ətraflı məlumat daha sonra açıqlanacaq, lakin artıq aydındır ki, İtaliya Qran Prisinin promouterləri klassik Monza trasında sprint yarışının keçirilməsində maraqlıdırlar. La Russa həmçinin bildirib ki, sentyabr ayında keçiriləcək Monza yarışına bütün biletlər artıq satılıb. Tələbat o qədər yüksək olub ki, əvvəlcədən planlaşdırılmayan addımlar atmaq lazım gəlib.

Ceronimo La Russa: “Əlavə tribunalar quraşdırılıb, baxmayaraq ki, bu planlaşdırılmamışdı. Əvvəlcə düşünürdük ki, həmin tribunalar yalnız ACI üzvləri üçün olacaq, lakin sonradan onların bütün azarkeşlər üçün açıq olması qərara alınıb”.

Tədbirdə həmçinin rəssam Maestro Lodola tərəfindən hazırlanmış İtaliya Qran Prisinin rəsmi posteri təqdim olunub. Bundan əlavə, yarışın startı ərəfəsində ölkə himnini “La Skala” səhnəsində çoxsaylı opera partiyaları ifa etmiş italiyalı tenor Françesko Melenin səsləndirəcəyi açıqlanıb.

Bugünkü tədbirdə Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali də iştirak edib. O çıxışında bunları deyib: “Mədəniyyət Formula 1-də də mərkəzi rol oynayır. Dünən Silverstounda tamaşaçı sayı üzrə yeni rekord qeydə alınıb və ümid edirəm ki, Monzadakı yarışda da azarkeşlərin sayı bundan geri qalmayacaq.

Bazar günü keçiriləcək yarışın biletləri artıq tam satılıb. Ferrari yenidən hamının diqqət mərkəzindədir, eyni sözləri ölkəmizi təmsil edən Kimi Antonelli haqqında da demək olar. Bütün bunlar İtaliya Qran Prisinin böyük uğurla keçəcəyinə ümid yaradır”.

Gilanur Huseynova

Şərh əlavə et