Xəbəri Kokpitdə Oxuyun!

Kanada F2 – Stenshorn ilk qələbəsini qazanıb

Şənbə sprintindən sonra Formula 2-nin turnir cədvəlində ilk beş pilotu cəmi on xal ayırırdı və əsas intriqa Kanada mərhələsindən sonra qüvvələr balansının necə dəyişəcəyində idi. Dünən ikinci yeri tutaraq çempionatın liderliyinə yüksələn Qabriel Mini əsas yarışa yalnız onuncu yerdən start verirdi. Şəxsi hesabın əvvəlki lideri Nikola Tsolov ikinci, ikinci pillədə qərarlaşan Rafael Kamara isə beşinci yerdən yarışa başlayırdı.

Təbii ki, onların hər birinin uğrunda mübarizə aparacağı çox şey var idi və Formula 2 pilotlarının yalnız bu həftəsonu yaxından tanımağa başladığı Kanada trasında bütün döyüşkən keyfiyyətlərini ortaya qoyacaqları gözlənilirdi.

Pouldan Trident komandasının pilotu Lorens van Hupen start alırdı və bu, onun Formula 2-də ilk poul mövqeyi idi. Yarışın ilk saniyələrində Tsolov onu geridə qoysa da, niderlandlı pilot artıq üçüncü döngədə liderliyi geri qaytarıb.

Qeyd etmək lazımdır ki, səhər yağan yağışdan sonra tras yarış startına qədər qismən qurumuşdu və bütün bolidlər slik təkərlərlə çıxmışdılar. Amma trasda hələ də yaş sahələr qalırdı və bu da pilotların ehtiyatlı davranmasını vacib edirdi.

Tsolov təbii ki, rəqibinə təzyiq göstərirdi, onun bolidinə yaxın məsafədə qalırdı və bu duet hər dövrədə pelotondan təxminən bir saniyə uzaqlaşırdı. Eyni zamanda yenidən xırda yağış başladığı hiss olunurdu, amma hələlik heç kim ciddi ehtiyat etmirdi.

Dördüncü dövrənin sonunda van Hupen son şikanada səhvə yol verib. O, trasın daxili hissəsindəki yaş kerbə toxunub, bolid idarəetməni itirib və yüksək sürətlə “Çempionlar divarı”na çırpılıb. Hadisə Tsolovun gözləri önündə baş verib və bolqar pilot qəzaya uğramış Dallara-dan son anda yayınmağı bacarıb.

Təbii olaraq təhlükəsizlik maşını trasa çıxıb. Start-finiş düzlüyündə baryerlərin bərpası, qəzaya uğramış bolidin götürülməsi və trasın təmizlənməsi səbəbindən peloton bir neçə dövrə pit-leyn vasitəsilə hərəkət edib.

Yeddinci dövrədə restart verilib. Tsolov liderliyi qoruyub saxlayıb. Bu zaman 19 yaşlı Emmo Fittipaldi pitə girərək zədələnmiş ön qanadı dəyişdirib və yeni təkər dəsti götürüb. Amma təcrübəsizlik öz sözünü deyib. O, trasın hələ də sürüşkən olduğunu və Formula 2-də təkər isidicilərinin olmadığını nəzərə almayıb. Pit yolundan çıxarkən soyuq təkərlərlə idarəetməni itirərək aşağı sürətdə baryerlərə çırpılıb.

Yenidən təhlükəsizlik maşını trasa çıxıb və pilotların çoxu bundan istifadə edərək məcburi pit-stoplarını həyata keçiriblər. Fittipaldinin səhvini isə heç kim təkrarlamayıb. Amma pit-stopdan sonra Tsolov beşinci yerə geriləyib.

Onun qarşısında hələ boksa girməyən Roman Bilinski, Kolton Herta, Kuş Mayni və Mari Boya gedirdilər.

13-cü dövrədə yarış yenidən başlayıb. Nikola Tsolov ilk döngələrdə Mari Boya ilə mübarizəyə girişib, amma ispaniyalı mövqeyini asanlıqla təslim etmək istəməyib. Onlar mübarizə apararkən Martinius Stenshorn hər ikisini keçib. Buna baxmayaraq, Tsolov taktiki məqsədinə çataraq Boyanı arxada qoymağı bacarıb.

Daha sonra Tsolov Stenshornun arxasınca hücuma keçib. Komanda radio vasitəsilə ona tələsməməyi tövsiyə edib, çünki finişə hələ çox var idi. Amma 15-ci dövrədə onu Kuş Mayni keçib. Hindistanlı pilot əks-hücum zamanı Tsolovun bolidinə arxadan yüngül təmas edib və bolqar pilotun maşını son şikanada fırlanıb.

Hər iki pilot yarışa davam edib, amma Mayni artıq onuncu, Tsolov isə on beşinci yerə düşüb.

17-ci dövrədə sarı bayraqlar dalğalanıb. Rafael Kamara ilə Rafael Vilyaqomes arasında birinci döngənin girişində təmas yaşanıb və ispaniyalının bolidinin asılqanı qırılıb. Bu, daha bir təhlükəsizlik maşını demək idi. Hadisə beşinci yer uğrunda mübarizədə baş verib.

Bir dövrə ərzində virtual təhlükəsizlik maşını rejimi tətbiq olunub. Yarış yenidən başlayanda isə Bilinski idarəetməni itirib və liderliyə Stenshorn yüksəlib.

Finişə 15 dövrə qalmış ilk beşlik belə görünürdü: Stenshorn artıq iki saniyədən çox fərq yaratmışdı, ikinci yerdə Dino Beqanoviç, üçüncü yerdə Herta gedirdi. Bilinski onun arxasında idi, Mini isə polyak pilotu təqib edirdi. Bu vəziyyətdə belə Qabriel Mini çempionatda liderliyini qoruyur, hətta üstünlüyünü artırırdı.

Elə həmin 24-cü dövrədə Kamara fırlanıb və yavaş templə boksa qayıdıb. Bu zaman Beqanoviçin bolidinin mühərriyindən tüstü çıxmağa başlayıb. Bir neçə dövrə sonra o, tras kənarında dayanıb və təhlükəsizlik maşını yenidən trasa çıxıb.

Hələ pit-stop etməyən pilotlar boksa yönəliblər. Bundan sonra Tsolov altıncı yerə yüksəlib və restart zamanı ən azı bir neçə mövqe qazanmağa çalışacağı aydın olub.

Peletona Stenshorn başçılıq edib, onun arxasında Aleks Dann, üçüncü yerdə isə artıq Mini qərarlaşıb. Sonrakı yerlərdə pit-stop etməmiş Mayni və Coşua Dürksen gedirdilər. Tsolov üçün əsas hədəf də məhz Dürksen idi.

Təhlükəsizlik maşını trasda kifayət qədər uzun qalıb və restart finişə beş dövrə qalmış verilib. Amma vaxt limiti artıq dolduğu üçün yarış məsafəsi qısaldılıb və finişə cəmi bir neçə dəqiqə qalırdı.

Lakin normal sonluq alınmayıb. Oliver Göte ilə Ritomo Miyata toqquşub və ciddi qəza baş verib. Təhlükəsizlik maşını yenidən trasa çıxıb və yarış da məhz Bernd Maylanderin idarə etdiyi qırmızı Mercedes-AMG GT-nin arxasında başa çatıb.

Rodin Motorsport komandasının norveçli debütantı Martinius Stenshorn yəqin ki, ilk Formula 2 qələbəsini başqa cür təsəvvür edirdi. Amma Monreal yarışının bu qədər qəribə ssenari ilə keçməsi onun günahı deyildi. Hər halda, bu gün lazım olan hər şeyi düzgün edib.

İkinci yeri onun komanda yoldaşı Aleks Dann tutub, podiumu isə Qabriel Mini tamamlayıb. Maraqlıdır ki, finişdən sonra onları ilk təbrik edənlərdən biri menecerləri Nikolas Todt olub. Görünür, o, Kanada həftəsonunun nəticələrindən kifayət qədər razıdır – Sürücülərindən biri bu günkü yarışı qazanıb, digəri isə iki dəfə podiuma yüksələrək çempionatda liderliyini möhkəmləndirib.

Rauf Hacıyev

Şərh əlavə et