Bu gün yağış ehtimalı yüksəkdir və havanın temperaturunun aşağı düşəcəyi gözlənilir.
Pirelli Motorsport-un direktoru Dario Marrafuski: “Bugünkü sprint üçün demək olar ki, bütün komandalar eyni təkər seçimini etmişdilər, baxmayaraq ki, bir neçə istisna var idi. Bununla belə, biz hər üç tərkibin trasda necə işlədiyini gördük.
Qısa şənbə yarışında yumşaq təkərlərin aşınması xətti formada və orta səviyyədə keçdi. Bu isə o deməkdir ki, tras quru qalsa, bazar günü yarış üçün strategiya seçən komandalar Soft təkərləri də nəzərdən keçirə bilərlər.
Belə halda ən optimal variant bir pit-stoplu strategiya olacaq və nəzəri baxımdan Medium-Hard kombinasiyası yarışı ən sürətli şəkildə başa vurmağa imkan verməlidir. Düşünürük ki, yağış yağmasa, komandaların əksəriyyəti məhz bu konservativ yanaşmanı seçəcək. Bu zaman pit-stop üçün ideal pəncərə 21-ci və 27-ci dövrələr arasıdır.
Bir qədər daha yavaş variant isə Hard təkərlərlə start alıb daha sonra Medium-a keçməkdir. Bu halda ilk hissəni 38-44-cü dövrələrə qədər uzatmaq mümkün olacaq. Start mövqeyindən asılı olaraq bəzi pilotlar Soft ilə başlayıb, 17-23-cü dövrələr arasında pit-stop edib, finişə qədər Hard təkərlərlə davam etməklə üstünlük qazana bilərlər.
Amma bazar günü yağıntı ehtimalı yüksək olduğuna görə komandalar yağış təkərlərindən istifadə etməyə də hazır olmalıdırlar. Mayami mərhələsindən etibarən Pirelli tam yağış təkərləri üçün də termoörtüklərin istifadəsinə icazə verib. Bu təkərləri iki saat ərzində 40 dərəcə temperaturda isitmək mümkündür.
Keçid təkərlər üçün isə isitmə temperaturunu artıq 70 dərəcəyə qədər artırmağa icazə verilib və bu proses də sliklərdə olduğu kimi iki saat davam edə bilər.
Termoörtüklərin istifadəsi, xüsusilə də asfaltın ilişmə səviyyəsinin aşağı olduğu şəraitdə, ilk dövrələrdə təkərlərin işçi temperaturuna çatdırılmasını xeyli asanlaşdırır. Bu isə həm sərin hava, həm də asfalt örtüyünün spesifik xüsusiyyətləri ilə bağlı ola bilər.
Monrealda hər iki amili nəzərə almaq lazımdır, çünki bu trasda təkərlərə düşən yan yüklər nisbətən aşağıdır və bu da rezinin lazımi temperatura çatdırılmasını çətinləşdirir. Bu vəziyyət bugünkü sıralama turunda da müşahidə olunurdu. Üstəlik, bazar günü üçün hava proqnozu temperaturun daha bir neçə dərəcə aşağı düşəcəyini göstərir”.




Şərh əlavə et