Xəbəri Kokpitdə Oxuyun!

Uğurun sirri – alman-italyan tandemi

Bu mövsümün əvvəlində Kimi Antonelli barədə danışanda hamı eyni cümləni işlədirdi: “Çox istedadlıdır, amma hələ tezdir”. İndi isə vəziyyət dəyişib. Artıq “tezdir” söhbəti yoxdur. Ardıcıl dördüncü qələbəsini qazanan gənc italiyalı təkcə sürətli deyil, həm də çempion kimi yarışmağa başlayıb.

Bəli, bu dəfə Corc Rassell ona ciddi müqavimət göstərdi. Yarışın ən maraqlı hissəsi də məhz Mercedes daxilindəki həmin mübarizə idi. Ancaq Rassellin bəxti bu mövsüm yenə gətirmədi. Mercedes motoru dözmədi və britaniyalı pilot bir daha “ən güclü olduğu həftəsonunda” əliboş qaldı.

Əslində Rassell üçün problem sürət deyil. Problem odur ki, hər dəfə xal fərqini azaltmaq şansı yarananda nəsə baş verir. Bu yarışdan əvvəl fərqi 11 xala endirmək mümkün görünürdü. İndi isə fərq 43 xala yüksəlib. Üstəlik Antonelli artıq əlavə bir qələbə və ikinci yer üstünlüyü də əldə edib. Mövsüm uzun olsa da, psixoloji üstünlük artıq açıq şəkildə italiyalının tərəfindədir.

Ferrari isə ikinci yeri aldı. Amma bu nəticəyə bir az diqqətlə baxmaq lazımdır. Çünki podium əsas rəqiblərin problemləri fonunda gəldi: iki McLaren və bir Mercedes oyundan düşmüşdü. Buna baxmayaraq, Lyuis Həmilton həqiqətən möhtəşəm həftəsonu keçirdi. Xüsusilə Maks Ferstappenlə mübarizədə britaniyalının təcrübəsi öz sözünü dedi.

Amma həmin duel Ferrari-nin əsas problemini də yenidən ortaya çıxardı: daxiliyanma mühərriki. Ferrari yenə düzlüklərdə və yarış tempində əziyyət çəkirdi. Verstappenlə fərq xüsusilə burada hiss olunurdu. Buna baxmayaraq, Hamilton Ferrari ilə ən yaxşı nəticəsini məhz Kanadada aldı. Bu tras həmişə onun ən güclü məkanlarından biri olub və bu həftəsonu bir anlıq 2010-cu illərin Hamiltonunu xatırlatdı — maşından artıq performans çıxaran versiyasını.

McLaren isə builki mövsümün ən qəribə komandalarından biridir. Sürətləri var, amma qərarvermələri bəzən özlərinə qarşı işləyir. Mayamidə yağış sazlanması qumarı oynadılar, bu dəfə isə keçid təkərləri ilə start almağa qərar verdilər. Nəticədə yarış onlar üçün işıqlar sönən anda bitmiş oldu.

Komanda sanki hər dəfə “hamını ağılla məğlub edəcəyik” düşüncəsi ilə risk edir. Amma Formula 1-də bəzən ən ağıllı qərar ən sadə qərardır. McLaren hazırda bir az 2022 Ferrari-ni xatırladır: sürət var, amma komanda körpüsündə xaos da əskik olmur.

Red Bull isə nəhayət özünə gəlməyə başlayır. Mövsümün əvvəlində Alpine ilə mübarizə aparan komanda indi artıq Mercedes tempinə yaxın dövrələr vurur. Bolid hələ də ağır və balanssız görünür, amma inkişaf açıq hiss olunur. Yay fasiləsindən sonra qələbə uğrunda mübarizə aparsalar, bu artıq sensasiya sayılmaz.

Bu yarış həm də Red Bull Ford Powertrains layihəsi üçün simvolik əhəmiyyət daşıyırdı. Cəmi beş yarış sonra RBPT mühərriyi ilk podiumunu qazandı. Red Bull illərlə rəqib istehsalçıların kölgəsində yarışdıqdan sonra artıq öz motor erasına doğru real addımlar atmağa başlayır. Görünür, Milton Keynesdə sadəcə bolid yox, gələcəyin tam fabriki qurulur.

Mövsümün ən böyük sürprizi isə şübhəsiz Alpine-dir. Bu gün iki pilotla xal almaqları təsadüfi deyil. Mercedes motorunun gücü burada rol oynayır, amma məsələ tək mühərrikdə deyil. Əgər hər şey motorla həll olunsaydı, Williams da eyni nəticələri göstərərdi. Alpine şassi və təkər idarəetməsi baxımından da ciddi addım atıb.

Günün anti-qəhrəmanı isə Ayzek Hacar idi. Demək olar ki, almadığı cəza qalmadı. Stüard otağı ilə şəxsi müqaviləsi varmış kimi görünürdü. Buna baxmayaraq, yarışı beşinci yerdə bitirməsi də ayrıca maraqlı nəticədir.

Yarışın ən səssiz, amma ən ağıllı performanslarından biri isə Karlos Saynsdan gəldi. Yağış təkərləri ilə start alan pilotlar arasında sonda xal zona­sına düşə bilən yeganə sürücü məhz ispaniyalı oldu. Digərləri risklərinin altında qalarkən, Sayns xaosun içində yarış oxumağı bacardı. Bəzən Formula 1-də sürətdən çox düzgün anda düzgün qərar vermək lazımdır. Kanada yarışında bunu ən yaxşı edənlərdən biri də o idi.

Bir detal da xüsusi diqqət çəkdi: podium himnləri. Son 30 ildə bu səhnədə alman himni adətən sürücüyə, italyan himni isə komandaya səslənirdi. Bu dəfə isə hər şey tərsinə çevrildi. Alman himni komanda üçün, italyan himni sürücü üçün çalındı.

Deyəsən Formula 1-də uğurun sirri yenə alman-italyan tandemindədir. Sadəcə bu dəfə rollar dəyişib.

Rauf Hacıyev

Şərh əlavə et