Xəbəri Kokpitdə Oxuyun!

Rassellin problemi barədə yeni məlumatlar var

Kanadada Corc Rassellin mübarizəni dayandırmasından sonra Mercedes-in texniki direktoru Ceyms Ellison problemin batareya nasazlığından qaynaqlandığını bildirmişdi.

İndi isə komandanın rəhbər müavini Bredli Lord daha ətraflı məlumat verərək bildirib ki, batareyanın niyə sıradan çıxdığı hələ məlum deyil və səbəbin müəyyənləşdirilməsi bir neçə ay çəkə bilər.

Bredli Lord: “Bir maşının qalib gəldiyini, digərinin isə sürücünün günahı olmadan yarışı yarımçıq qoyduğunu bildiyiniz zaman həmişə qarışıq hisslər yaşayırsınız. Bu qədər xal itirildiyi halda qələbəni tam mənada qeyd etmək çox çətindir.

Burada Corcun heç bir günahı yoxdur. O, həftəsonunu möhtəşəm keçirdi və düşünürəm ki, iki poul qazanıb sprint yarışında qalib gəldikdən sonra bu qələbəyə tam layiq idi.

Səkkizinci döngəyə girişdə onun maşınında ERS sistemi qəfil sıradan çıxdı və bu da daha ciddi əlavə zədələrə səbəb oldu. Biz maşını geri qaytardıq və modulu çıxara bildik. Onun üzərində xüsusi təhlükəsizlik prosedurları tətbiq edilməli oldu, bundan sonra isə modul Böyük Britaniyaya göndərilməlidir.

Avadanlıq bizə qayıdana qədər bir neçə ay keçəcək. Daha sonra nə baş verdiyini anlamaq və gələcəkdə digər modullarda belə problemin təkrarlanmaması üçün məlumatları çox diqqətlə araşdırmalı olacağıq”.

Komandanın trasda elektrik sistemlərinə cavabdeh mühəndislər şöbəsinin rəhbəri Evan Şort isə telemetriyada nasazlığın yaxınlaşdığını göstərən heç bir əlamətin olmadığını bildirib: “Məlumatlara baxarkən izlədiyimiz qrafiklərdəki bütün əyri xətlərin birdən-birə yoxa çıxdığını gördük, – deyə Şort izah edib. – İlk ağlıma gələn odur ki, noutbukda problem yaranıb. Sonra ətrafıma baxdım və məlumatların heç kimdə olmadığını gördüm.

Adətən televiziya yayımını canlı izləmədiyimiz üçün bunun qeyri-adi hadisə olduğuna dair ilk siqnal məhz bu oldu. Daha sonra ekrana baxanda maşının yavaş-yavaş dayandığını gördüm.

Bredlinin də dediyi kimi, hazırda çoxlu sayda mütəxəssis bu məlumatları diqqətlə araşdırır. Avadanlıq hələ bizə qaytarılmasa da, əminəm ki, nasazlıqdan əvvəlki saniyələrə aid telemetriya məlumatlarında müəyyən ipucları tapılacaq”.

Rauf Hacıyev

Şərh əlavə et