Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Sazlanmaları dəyişdik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, gözlənilən yağışa görə sazlanmalarda dəyişikliklər ediblər.

Britaniyalı sürücü  Monreal trasının əsl mütəxəssisi olduğunu bir daha təsdiqləyib və ardıcıl üçüncü ildir Kanada Qran Prisinə poul mövqeyindən başlayacaq. Kimi Antonelli isə komanda yoldaşından cəmi 0.068 saniyə geri qalaraq ikinci nəticəni göstərib.

Corc Rassell: “Şənbə sprintindən sonra həmişə müəyyən çətinliklər olur, çünki sıralanma turunda sükan arxasındakı hisslər kifayət qədər fərqli olur. Sazlanmalarda bir sıra dəyişikliklər etdik və indi seçdiyimiz istiqamətin düzgün olub-olmadığını təhlil etməliyik.

Əlbəttə, son dövrədə birdən-birə haradansa sürət tapdıq və bu, kifayət qədər çətin keçən sessiyanın sonunda bizi çox sevindirdi. Sadəcə hər şeyi bir araya toplamaq lazım idi və həmin son dövrə inanılmaz alındı!

Sabahkı hava proqnozunu nəzərə alaraq sazlanmalarda dəyişiklik etdik. Ola bilsin ki, bu, sıralanma turunda işimizi bir qədər çətinləşdirdi və belə hiss yaranırdı ki, bolidin balansı tam istədiyimiz kimi deyil. Bu sessiyada mən və Kimi dünənlə müqayisədə rəqiblərdən o qədər də böyük üstünlüklə seçilmirdik, üstəlik komanda yoldaşım açıq şəkildə məndən sürətli idi.

Çətin oldu, ancaq dediyim kimi, son dövrədə sadəcə pilotaj tərzimi dəyişdim və hər şey lazım olduğu kimi alındı.

Sprintdən sonra Kimi ilə yaxşı söhbət etdik. İkimiz də peşəkar pilotuq və nə etməli olduğumuzu bilirik. Biz rəqibik, lakin bir-birimizə hörmətlə yanaşırıq. Üstəlik, bu gün gördük ki, digər komandalar da çox yüksək temp göstərə bilir.

Görünür, sabah bizi yağışlı hava gözləyir və bu, yenidən tamamilə yeni çağırış olacaq. Amma düzünü desəm, hazırda bu barədə düşünmürük. Biz sadəcə podiumun ən yüksək pilləsinə qalxmaq üçün əlimizdən gələni etmək istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et