Xəbəri Kokpitdə Oxuyun!

Kanada Qran Prisinə gətirilən yeniliklər

Çempionatın 11 komandasından doqquzu Kanada mərhələsi üçün müxtəlif texniki yeniliklər hazırlayıb. Yalnız Ferrari və Aston Martin bunu etməyib. Mühəndislər Kubokunda tam fərqli mövqelərdə qərarlaşsalar da, hər iki komanda bu dəfə yenilik gətirməməyi seçib. Rəqiblərinin bəzilərində isə yeniliklərin siyahısı kifayət qədər geniş olub, xüsusilə McLaren və Mercedes-də.

McLaren

Hazırkı çempion komandanın bolidlərində bu həftəsonu bir sıra yeni və nəzərəçarpan aerodinamik elementlər peyda olub. Yeddi bəndlik yenilik siyahısı ön qanaddan başlayır.

McLaren mühəndislərinin fikrincə, yeni konstruksiyalı ön qanad hava axınının keyfiyyətinə daha effektiv təsir etməyə və yerəyatma qüvvəsini artırmağa imkan verir.

Mühərrik qapağında isti havanın çıxarılması üçün əlavə jalüzlər peyda olub. Bu dəyişiklik bolidin arxa hissəsinə yönələn hava axınının keyfiyyətini yaxşılaşdırır. Jalüzlər digər kuzov elementlərində də tətbiq edilib ki, bu da həm Kanada trasında, həm də mövsümün fərqli hava şəraitində keçəcək növbəti mərhələlərində soyutma sisteminin daha səmərəli işləməsinə kömək edəcək.

Pilotun başını qoruyan Halo sistemində də yeni kiçik qanad əlavə olunub. Onun məqsədi kokpit və mühərrik qapağının mərkəzi hissəsi ətrafından keçən hava axınını optimallaşdırmaqdır.

Arxa qanadın yan lövhələrinin geometriyası da yenidən işlənib. Məqsəd aerodinamik yükün paylanmasını korrektə etmək və bolidin bu hissəsində asfaltsayatma qüvvəsini artırmaqdır.

Dəyişikliklər arxa asılqana da toxunub. Komandanın açıqlamasında bildirilib ki, “arxa asılqan elementlərinin örtükləri cüzi şəkildə modernləşdirilib. Bu addım şassinin arxa hissəsi və diffuzor ətrafında hava axınına daha effektiv təsir etməyə və əlavə yerəyatma qüvvəsi yaratmağa yönəlib”.

Bolidin altlığının kənar hissələrinin geometriyası da yenilənib. Burada yerləşən əlavə aerodinamik elementlər ümumi hava axınının daha yaxşı idarə olunmasına və bu zonada asfaltayatma qüvvəsinin artırılmasına kömək edir.

Mercedes

Çempionat liderlərinin yenilik siyahısı daha da genişdir. Bu da təəccüblü deyil, çünki Mercedes mövsümün əvvəlindən bəri ilk böyük yenilik paketini məhz Kanada mərhələsinə saxlayıb.

Kimi Antonelli və Corc Rassellin bolidlərində də yeni ön qanad istifadə olunur. Qanadın xarici elementləri bir qədər alçaldılıb və ümumi dəyişikliklər hava axınının bolidin arxa hissəsinə daha effektiv yönləndirilməsinə, eləcə də asfaltayatma qüvvəsinin artırılmasına hesablanıb. Buna uyğun olaraq qanadın yan lövhələri də dəyişdirilib.

Bundan əlavə, bolidin ön hissəsində əyləc hava kanallarının giriş və çıxış dəlikləri böyüdülüb. Monreal trasında əyləclərə düşən yüksək yük nəzərə alınaraq bu addım onların daha effektiv soyudulması üçün atılıb.

Altlığın ön hissəsindəki elementlərin profili dəyişdirilib ki, bu da aerodinamik təzyiqin paylanmasını yaxşılaşdırır və asfaltayatma qüvvəsini artırır. Altlığın arxa hissəsindəki əlavə elementlərin geometriyası da yenilənib. Məqsəd diffuzora gedən hava axınının keyfiyyətini artırmaq və nəticədə bolidin arxa hissəsində aerodinamik yükü yüksəltməkdir.

Komandanın sözlərinə görə, diffuzorun “dam” hissəsi və yan divarları da yenidən formalaşdırılıb ki, bu da əlavə asfaltayatma qüvvəsi yaradır.

Red Bull Racing

İlk iki komanda ilə müqayisədə Red Bull Racing-in yenilik siyahısı daha təvazökardır. Komanda əsasən ön qanadın elementlərini, xüsusilə də yuxarı iki səthi modernləşdirib. Ön əyləc hava kanallarının geometriyası da yenidən işlənib ki, soyutma daha effektiv olsun.

Altlığın ön hissəsindəki bəzi elementlər də təkmilləşdirilib və bu, asfaltayatma qüvvəsinə müsbət təsir göstərir. Bundan başqa, Mayamidə təqdim olunan əlavə soyutma jalüzləri mühərrik qapağında bağlanıb. Bu qərar Monreal üçün hava proqnozu nəzərə alınaraq verilib.

Williams

Williams bolidlərində ön əyləc hava kanallarının geometriyası dəyişdirilib, çünki Kanada trası əyləc sisteminin komponentləri üçün daha effektiv soyutma tələb edir.

Buna uyğun olaraq ön asılqan elementlərinin örtüklərinin profili də yenilənib və bu dəyişiklik bolidin alt hissəsinə yönələn hava axınının keyfiyyətini artırır.

Həmçinin, qazburaxma borusunun arxa hissəsinin yerləşməsi dəyişdirilib. Bu, Mayamidə başlanmış qazburaxma sistemi yenilənməsinin növbəti mərhələsidir.

Racing Bulls

VCARB 03-də altlığın əsas hissəsinin geometriyası yenilənib və nəticədə bu zonada yaranan asfaltaytma qüvvəsi əhəmiyyətli dərəcədə artırılıb.

Buna uyğun olaraq şassinin arxa hissəsindəki bir sıra aerodinamik elementlər də dəyişdirilib. Xüsusilə qazburaxma borusunun bərkidilməsi sistemi təkmilləşdirilib. Bu element aerodinamik funksiya da daşıyır və bolidin mərkəzi hissəsində hava axınının keyfiyyətinə müsbət təsir göstərir.

Haas F1

Amerika komandasının yenilik siyahısı daha genişdir, amma Haas bu yenilənmələrin əksəriyyətini ilk dəfə təqdim edir. Digər komandalar isə bunların bir hissəsini hələ Mayamidə istifadə etmişdilər. Ayo Komatsunun sözlərinə görə, Haas ümumi inkişaf tempindən bir qədər geri qalıb lakin indi fərqi bağlamağa çalışacaq.

VF-26-da yan pontonların hava girişlərinin geometriyası dəyişdirilib. Bu dəyişiklik ponton səthlərinin yeni konfiqurasiyasına uyğunlaşdırılıb və bolidin arxa hissəsinə yönələn hava axınının enerjisini artırır.

Altlıq da ciddi şəkildə yenilənib. Dəyişikliklər həm ön hissəyə, həm kənarlara, həm də diffuzora toxunub. Arxa asılqanın örtüklərinin profili optimallaşdırılıb, arxa təkərlərin təkər topu hissəsində yerləşən əlavə kiçik qanadların geometriyası da yenidən işlənib.

Audi F1

R26-da yeni konstruksiyalı ön əyləc hava kanalları istifadə olunur və bu, Monreal trasının tələblərinə uyğun olaraq soyutma effektivliyini artırır. Arxa əyləc hava kanalları da yenidən işlənib.

Diffuzorun geometriyası dəyişdirilib. Komanda bu vacib aerodinamik elementin inkişafını davam etdirir və məqsəd bolidin arxa hissəsində asfaltaytma qüvvəsini artırmaqdır.

Alpine F1

Renault konserninin zavod komandası bolidin döşəməsinin geometriyasını ciddi şəkildə dəyişib. Məqsəd müxtəlif hava şəraitlərində onun aerodinamik effektivliyini artırmaqdır.

Arxa qanad da modernləşdirilib. Alpine-in açıqlamasına görə, qanadın elementlərinin geometriyası inkişaf proqramı çərçivəsində yenilənib və Kanada mərhələsi üçün onun ən son versiyası hazırlanıb.

Cadillac F1

Yeni Amerika komandası da MAC-26 bolidini mərhələli şəkildə təkmilləşdirməyə davam edir. Bolidin ön hissəsində yenilənmiş əyləc hava kanalları istifadə olunur, giriş və çıxış hissələrinin geometriyası dəyişdirilib ki, soyutma daha effektiv olsun.

Diffuzorun alt hissəsində əlavə kiçik qanad peyda olub, eləcə də digər elementlər yenidən işlənib. Komandanın mühəndislərinin hesablamalarına görə, bu dəyişikliklər asfaltayatma qüvvəsini artırmalıdır.

Rauf Hacıyev

Şərh əlavə et