Xəbəri Kokpitdə Oxuyun!

F1 pilotu olmaq üçün nə etməlisən?

Formula 1-ə çatmaq uşaqlıqdan başlayan, illərlə davam edən və həm fiziki, həm psixoloji, həm də maddi baxımdan çox ağır bir yoldur. Bugünkü F1 pilotlarının böyük əksəriyyəti sükan arxasına oturmağı öyrənəndə hələ məktəbə belə getmirdilər.

Əslində Formula 1-ə gedən yol avtoidmanın “pilləkən sistemi”dir.

Hər şey kartinqdən başlayır

Bütün F1 pilotları demək olar ki,  əvvəlcə kartinqdə yarışıb. Kartinq avtoidmanın ibtidai məktəbi kimidir.

Pilotlar adətən:

  • 4-7 yaş arasında kart sürməyə başlayır
  • İlk olaraq lokal yarışlara qatılır
  • Daha sonra milli və beynəlxalq çempionatlara keçirlər

Məsələn:

  • Lyuis Həmilton 8 yaşında kartinqə başlayıb
  • Maks Ferstappen isə demək olar ki, uşaqlığını paddoklarda keçirib
  • Şarl Lekler və Lando Norris də çox erkən yaşlardan kartinqdə diqqət çəkiblər

Kartinqdə əsas məqsəd sürəti yox, refleks, yarış hissi və maşına nəzarəti inkişaf etdirməkdir.

Sonra Formula seriyaları gəlir

Gülhüseyn Abdullayev

Kartinqdə uğur qazanan pilotlar daha sonra formula maşınlarına keçirlər:

  1. Formula 4
  2. Formula Regional və ya Formula Renault
  3. Formula 3
  4. Formula 2
  5. Formula 1

Bu mərhələlərin hər biri əvvəlkindən daha sürətli, daha bahalı və daha çətindir.

Xüsusilə Formula 2 Çempionatı artıq F1-in gözləmə otağı sayılır. Burada uğurlu çıxış etmədən Formula 1-ə düşmək çox çətindir.

Təkcə sürətli olmaq kifayət etmir

 

Formula 1 pilotundan sadəcə yaxşı sürücü olmaq tələb olunmur.

Onlar:

  • fiziki olaraq çox güclü olmalıdır
  • boyun və refleks məşqləri etməlidir
  • texniki biliklərə sahib olmalıdır
  • mühəndislərlə işləməyi bacarmalıdır
  • media qarşısında düzgün davranmalıdır

Bir F1 yarışında pilotun boynuna 5G-dən çox yük düşə bilir. Bu səbəbdən məşqlər peşəkar atlet səviyyəsində olur.

Ən böyük maneələrdən biri puldur

Avtoidman  dünyanın ən bahalı idman növlərindən biridir.

Təkcə kartinq mövsümü:

  • on minlərlə dollar tələb edə bilər

Formula seriyalarında isə bu rəqəm:

  • yüz minlərlə,
  • bəzən milyonlarla dollara çatır

Buna görə də əksər istedadlı pilotlar yolun yarısında dayanmalı olur.

Burada sponsorlar çox vacibdir. Bəzi pilotlar böyük şirkət dəstəyi ilə yüksəlir, bəziləri isə akademiyalara qoşulur:

  • Ferrari Driver Academy
  • Red Bull Junior Team
  • Mercedes Junior Team

Bu akademiyalar gənc pilotlara maliyyə və texniki dəstək verir.

Psixoloji təzyiq çox ağırdır

 

Formula seriyalarında bir zəif mövsüm belə karyeranı bitirə bilər.

Pilotlar:

  • daim nəticə verməlidir
  • sponsor tapmalıdır
  • komanda rəhbərlərini təsirləndirməlidir
  • sosial mediada görünməlidir
  • ailəsindən uzaq yaşamalıdır

Əksər gənc pilotlar artıq 15-16 yaşlarında Avropada tək yaşayırlar və bütün həyatlarını yarışlara həsr edirlər.

Formula 1-ə çatanlar çox azdır

Dünyada minlərlə kartinq pilotu var. Amma hər il Formula 1-də cəmi 20 yer olur.

Yəni bu, futbolda Çempionlar Liqasına düşmək yox, sanki hər ölkədən yalnız bir nəfərin seçildiyi bir yarış kimidir.

Ona görə F1-ə çatan hər pilot artıq dünya səviyyəli istedad sayılır, hətta arxa sıralarda yarışsa belə… Bəlkə də avtoidmanın ən sərt tərəfi budur:

Kartinqdə səninlə yanaşı sürən yüzlərlə uşaqdan yalnız bir neçəsi günlərin birində Monakoda işıqlar sönəndə Formula 1 bolidi ilə start verəcəklər…

Rauf Hacıyev

Şərh əlavə et