Moto2 sessiyasında baş verən qırmızı bayraq səbəbilə sprint yarışı 10 dəqiqə gecikmə ilə start götürüb.
Yarışın hələ ilk dövrəsində Mark Markes və Fabio Di Cianantonio 12-ci döngədə ciddi qəza ediblər. Di Cianantonionu trasdan kənara sıxışdırdığı üçün Markeslə bağlı araşdırma başladılıb. Qəza nəticəsində hər iki sürücü yarışdan kənarda qalıb.
4-cü dövrədə Xorxe Martin ağıllı manevrlə Xoan Miri geridə qoyaraq 3-cü yerə yüksəlib. Elə həmin dövrənin sonuna yaxın Pedro Akostanı da keçərək ikinci yerə çıxan Martin, lider Banyaya ilə fərqi bağlamağa çalışıb.
Yarışın ortalarında Akosta ilə Marko Bezzekki arasında üçüncülük uğrunda gərgin mübarizə gedib. Mövqelər bir neçə dəfə dəyişsə də, sonda üçüncü yer Bəzzekkiyə qismət olub.
Bu mübarizədən az sonra Toprak Razqatlıoğlu motosikletində yaranan texniki nasazlığa görə yarışı tərk edib.
Bezzekki daha sonra Martinə çataraq onu keçib və ikinci yerə yüksəlib. Lakin liderliyə hücum edərkən kritik səhv edərək qəzaya uğrayıb və mübarizəni dayandırıb.
Yarışın sonuna iki dövrə qalmış Martin yenidən ikinci yerə yüksəlib və Banyaya ilə fərqi 0.283 saniyəyə qədər azaldıb. Son dövrədə isə ikili arasında çox gərgin mübarizə yaşanıb. Martin cəsarətli hücumla döngədə Banyayanı xaricdən keçərək liderliyi ələ alıb və finişə qədər mövqeyini qoruyub.
Beləliklə:
- 🥇 Xorxe Martin
- 🥈 Françesko Banyaya
- 🥉 Pedro Akosta
Yarışdan sonra Martin sevinc dövrəsində təkər qaldırarkən motosikletdən düşüb və maraqlı anlar yaşanıb.




Şərh əlavə et