Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Amerika – Martin ikinci sərbəst yürüşlərdə liderdir

MotoGP üzrə Amerika Qran Prisində ikinci məşq sessiyasını zirvədə tamamlayan sürücü Xorxe Martin olub. Onu Mark Markes izləyib.

Yarım saatlıq sessiyanın startı ilə sürücülər dərhal trasa çıxıblar. İlk dəqiqələrdə Fabio Di Cianantonio 2:03.316 ilə qısa müddətlik lider olub, lakin ardınca Françesko Banyaya, daha sonra isə 2:01.789 nəticə ilə Marko Bezzekki birinci yerə yüksəlib. Bu zaman Ai Oqura qəza etsə də, motosikletini qaldıraraq sessiyaya davam edib.

Liderdən 0.194 saniyə geri qalan Di Cianantonio tempi artırmağa çalışarkən, Oqura texniki düzəlişlər üçün qaraja çağırılıb. Bezzekki isə sürətli dövrə zamanı stabilliyini itirərək cəhdini yarımçıq saxlayıb və pitə qayıdıb. İlk dövrələrdən sonra demək olar ki, bütün sürücülər motosikletlərində dəyişikliklər ediblər.

Sessiyanın son 12 dəqiqəsində sürücülər yenidən trasa çıxıblar. Fermin Aldeqer 2:02.668 ilə 14-cü yerdən 11-ci yerə yüksəlib. Ardınca Xorxe Martin 4-cü yerdən 3-cülüyə qalxıb.

Sessiyanın sonlarına doğru Aleks Markes ikinci döngədə ağır qəza edib və buna sərt reaksiya verib. Bir qədər sonra Bezzekki də idarəetməni itirərək çınqıllığa düşüb.

Oqura 2:02.745 ilə 16-cı yerə yüksəlib. Ardınca Mark Markes 2:01.714 ilə liderliyi ələ alıb, lakin çox keçmədən Xorxe Martin 2:01.563 ilə cavab verərək yenidən zirvəyə çıxıb.

Sessiyanın bitməsinə iki dəqiqə qalmış Oqura eyni motosikletlə bir daha ciddi qəza edib və motosikleti ciddi zədələnib.

Damalı bayraq dalğalandıqdan sonra Xorxe Martin liderliyini qoruyaraq sessiyanı birinci tamamlayıb. Mark Markes son dövrədə təzyiq etsə də ikinci yeri dəyişə bilməyib. Françesko Banyaya üçüncü olub.

 

Rauf Hacıyev

Şərh əlavə et