Sürücülərin həftəsonunun ilk məşq sessiyası üçün trasa çıxması ilə MotoGP Amerika GP-si rəsmi olaraq start götürüb. Circuit of the Americas trasında hava temperaturu 23 dərəcə, asfalt temperaturu isə 30 dərəcə olaraq ölçülüb.
İlk 10 dəqiqə geridə qaldıqdan sonra Pedro Akosta 2:02.595 nəticə ilə liderliyə yüksəlib. Bu zaman ikinci sektorda sarı bayraqlar qaldırılıb və Mark Markesin 10-cu döngədə ciddi qəza etdiyi görüntülərə düşüb. Qəzadan sonra sessiya qırmızı bayraqla dayandırılıb.
Bir neçə dəqiqə sonra sessiya bərpa olunub və sürücülər yenidən trasa çıxıblar. Uzun müddət ön sıralarda nəticələr dəyişməz qalsa da, sessiyanın bitməsinə 15 dəqiqə qalmış Françesko Banyaya 2:02.546 ilə liderliyi ələ alıb.
Son dəqiqələrdə Mark Markes də yenidən trasa qayıda bilib. Ardınca Raul Fernandes 2:02.409 ilə zirvəyə yüksələn digər sürücü olub.
Sessiyanın bitməsinə 5 dəqiqə qalmış isə Fabio Di Cianantonio 2:01.818 ilə birinci yerə çıxıb. Lakin qısa müddətdən sonra Pedro Akosta 2:01.715 nəticə ilə yenidən liderliyi geri alıb.
Qalan hissədə heç kim onu keçə bilməyib və ispan sürücü cümə gününün ilk sessiyasını zirvədə tamamlayıb.
İlk 6-lıq belə formalaşıb:
- Pedro Akosta
- Fabio Di Cianantonio
- Xorxe Martin
- Mark Markes
- Raul Fernandes
- Aleks Markes




Şərh əlavə et